“Eleqant kimono: Yapon kimono şousu” adlı moda nümayişi keçirildi

Noyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Eleqant kimono: Yapon kimono şousu” adlı moda nümayişi keçirildi. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Yaponiyanın Azərbaycandakı Səfirliyi, SOAC Art Consultancy & Curation, Odasho Co. Ltd, Yaponiya Beynəlxalq Tekstil Şəbəkəsinin təşkilatçılığı, “ISR Holding”in dəstəyi ilə reallaşdı.

Defilədə yaponların bayram, toy kimi xüsusi günlərdə, digər mərasimlərdə geyindikləri, həm uşaqlar, həm də böyüklərin həyatında öz yeri və rolu olan müxtəlif növ kimonolar nümayiş etdirildi. Bunlara təntənəli mərasimlər üçün nəzərdə tutulan “furisode” və “kosode”, festivallarda geyinilən “happi”, yüngül yay kimonosu “yukata” aiddir.

Şounun sürprizi ənənəvi yapon kimonoları ilə yanaşı, “Kimono Trip” (“Kimono səyahəti”) adı altında Azərbaycan xalça ornamentləri ilə bəzədilmiş xüsusi modellər və ənənəvi türk “kutnu” parçalarından hazırlanmış kimonolarun təqdimatı oldu. Bu, xüsusi növ kimononun tamamilə yeni təfsiridir.

“Eleqant kimono: Yapon kimono şousu” defiləsində yapon mədəniyyətinin ayrılmaz hissəsi olan bu ənənəvi geyimin daşıdığı milli-mədəni identiklik təqdim olundu. Azərbaycan və Yaponiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən tədbirdə kimononun yaponların həyatındakı əhəmiyyətindən, bu günə qədər öz aktuallığını qoruyub saxlamasından danışıldı.

Ümumilikdə, moda nümayişində təkcə milli yapon geyimi kimi deyil, həm də universal geyim olaraq coğrafi sərhədləri aşmış moda nümunələri olan 24 kimono nümayiş etdirildi.