Novruz bayramı münasibətilə uşaqlar üçün “Novruz 2023” bayram ​ şənliyi keçirilib.

Muzeyimizdə təbiətin oyanışını müjdələyən, bolluq, bərəkət, birlik və bərabərlik rəmzi olan Novruz bayramı münasibətilə uşaqlar üçün “Novruz 2023” bayram ​ şənliyi keçirilib. Bayram tədbirində Üzeyir Hacıbəyovun ev-muzeyinin nəzdində fəaliyyət göstərən "Nur" xor studiyasının (dirijor: Mələk Vəlizadə) kollektivi rəngarəng musiqi kompozisiyası təqdim edib. Muzeyin Uşaq Birliyinin üzvlərinin iştirakı ilə “Günəşin nağılı” teatr tamaşası göstərilib. İnnovasiya Tədris Mərkəzinin şagirdləri Novruzu tərənnüm edən bir-birindən rəngarəng rəsmlər çəkib, Kəmalə Rəcəbovanın rəhbərlik etdiyi Azərbaycan Ritmləri Rəqs Ansamblı isə konsert proqramı ilə çıxış edib.

Uşaq şöbəsi tərəfindən qazi və şəhid ailələrinin övladları üçün milli geyimlərin yun saplarla bəzədilməsi üzrə ustad dərsi, muzeyə ekskursiya təşkil olunub, “Məlikməmmədin nağılı” marionet kukla teatrı göstərilib.

Tədbirdə Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin “Heydər Əliyev ili” ilə əlaqədar təqdim etdiyi kitab sərgisi böyük maraqla qarşılanıb.

Bayram şənliyinin sonunda iştirakçılara diplom və təşəkkürnamə təqdim olunub.