Ekspozisiyanın I mərtəbəsi

Ekspozisiyanın birinci mərtəbəsini Azərbaycan xalça sənətinin keçdiyi inkişaf yolu təşkil edir. Bu yol xalçanın ən sadə növü olan həsirdən (qamış və ya qarğıdan hörülmüş), texnoloji cəhətdən daha mürəkkəb və mükəmməl formalara (palaz, cecim, kilim, şəddə, ladı, vərni, zili, sumax) aparır. Xalçaçılığın təkamül yolunu izləməkdə multimediya faylları kömək edəcək.
 
Monitorlar əyani şəkildə xovsuz xalçanın hər bir növünün hazırlanma texnologiyasını göstərir. Eyni zamanda, burada üfüqi və şaquli dəzgahlar, xalçaçıların yunun qırxılması, yuyulması və daranması, ipliyin əyrilməsi və rənglənməsində istifadə etdikləri alətlər də yerləşdirilib. Ekspozisiyada Azərbaycanın müxtəlif regionlarında aşkarlanmış, milli xalça sənətinin qədim köklərini təsdiq edən arxeoloji tapıntılar da nümayiş olunur.
 
Burada çul, xurcun, heybə, duz torbası, corab, dəvə bəzəyi, çanta, sicim, örkən, qaşıqdan, məfrəş, yəhər üstü, çuval kimi xovsuz xalça məmulatları da sərgilənir. Bu əşyalardan azərbaycanlıların gündəlik həyatında istifadə olunurdu.
 
Alaçıq haqqında informasiya xüsusi diqqətə layiqdir; alaçıq – yerli sakinlərin mövsümü yaşayış yerlərində quraşdırdıqları çadırdır. Alaçığın yerliyi və divarlarını çətən və həsir ilə döşəyib, üzərindən xovsuz xalça sərirdilər. Çöl tərəfi isə keçə ilə örtülürdü.
 
Ekspozisiyanın birinci mərtəbəsini xalça sənətinin xalqımızın adət-ənənələri və milli folklor ilə əlaqəsindən, xalçanın müasir həyatımızdakı rolundan bəhs edən video-çarxlar və şəkillər tamamlayır. Burada müxtəlif toy atributları və Novruz bayramının simvolları təqdim olunub.