Ekspozisiyanın II mərtəbəsi

Ekspozisiyanın ikinci mərtəbəsində xovlu xalçalar təqdim olunub. Alim və xalçaçı rəssam Lətif Kərimovun verdiyi təsnifata uyğun olaraq, bu xalçalar qruplara bölünür. Ekspozisiyada Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça qruplarını görmək mümkündür.
 
Burada təqdim olunmuş “Əjdahalı” və “Səlyan Xiləsi” xalçaları 2013-cü ildə amerikalı kolleksiyaçı Qrover Şiltsin vəsiyyəti əsasında muzeyə hədiyyə verilmişdir. XVII əsrə aid “Əjdahalı” xalçası muzey kolleksiyasının ən qədim və unikal əsəridir.
 
Qarabağın böyük ölçülü “Dəst-xalı-qəbə” xalça dəstləri ev sahibinin yüksək statusunu vurğulayır. Təbriz xalçaları hər biri bütöv bir hekayə söyləyən unikal süjetləri ilə məşhurdur.
 
Ziyarətçilər Azərbaycanın müxtəlif bölgələri üçün səciyyəvi olan milli geyim, nəfis bədii tikmə nümunələri və gündəlik məişətdə geniş istifadə olunan mis məmulatları ilə tanış ola bilərlər.
 
Azərbaycanın xalq sənətində tez-tez rast gəlinən motivlər müəyyən mənaya malikdir. Ekspozisiya buta, əjdaha, həyat ağacı kimi elementlərin, müxtəlif formalı xaçların semantikasını və mənşəyini, islam simvollarının mənasını öyrənməyə imkan yaradır. Ornamet üslublarının zəngin müxtəlifliyi onların coğrafi yerləşməsinə uyğun təqdim olunub.
 
Varlı Şuşa sakininin ənənəvi ev interyeri ekspozisiyanın ən maraqlı və yaddaqalan hissələrindəndir. Bu interyer rus və avropalı səyyahların qeydləri və rəsmləri əsasında qurulmuşdur. Xalça sənətinin nümunələri digər qədim sənət növləri ilə vəhdət yaradaraq bu cür evlərin bədii tərtibatının ayrılmaz hissəsinə çevrilirdi.
 
Bu mərtəbədə müasir rəqəmsal texnologiyalar tətbiq olunur. Bu texnologiyalar müxtəlif növlərə və qruplara aid, həmçinin çoxsaylı dünya muzeylərinin kolleksiyalarından olan xalçaların nümayişinə imkan yaradır. Monitorlarda şəbəkəli pəncərələrin və ipək yaylıqların – kəlağayının hazırlanma prosesini izləyə bilərsiniz.