Ekspozisiyanın III mərtəbəsi

Üçüncü mərtəbədə Azərbaycan xalça sənətinin XX-XXI əsrlərdə keçdiyi inkişaf yolu təqdim olunub. Burada “Azərxalça” müəssisəsinin fəaliyyəti, onun xalça sənətinin inkişafındakı xidmətləri işıqlandırılır.

Ekspozisiya Azərbaycan Xalça Muzeyinin tarixindən, dövlətimizin bu qədim sənətə göstərdiyi diqqət və qayğısından bəhs edir. Burada Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında informasiya təqdim olunub.

Bu mərtəbədə sərgilənən eksponatların böyük hissəsi xalçaçılığı yeni səviyyəyə ucaldan XX əsr – XXI əsrin əvvəllərində yaşayıb-yaratmış peşəkar rəssamların fəaliyyətini əks etdirir. Onlar arasında ilk növbədə xalça elminin banisi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, görkəmli xalçaçı rəssam Lətif Kərimovun yaradıcılıq və elmi fəaliyyəti yer alıb. Müəllifi olduğu eskiz və kompozisiyaların üstünlükləri açıqlanır.

Burada xalça sənətinin inkişafında müstəsna xidmətləri olmuş Xalq rəssamı Kamil Əliyevin fəaliyyəti və həyatı geniş işıqlandırılır.

Ekspozisiyada tanış ola biləcəyiniz müasir xalça sənəti nümunələri E. Mikayılzadə, L.Qarayeva, E. Həşimov və başqa müəlliflərə aiddir.

Məşhur rəngkar Tahir Salahovun rəsmləri əsasında toxunmuş xalçalara da burada yer ayrılıb.

Ekspozisiyanın üçüncü mərtəbəsində Uşaq muzeyi də yerləşir ki, onun fəaliyyət məqsədi gənc nəsli xalça sənətinin sehrli aləminə cəlb etməkdir.

Azərbaycan Xalça Muzeyinin Şuşa filialından gətirilmiş xalçalar, xalça məmulatları və milli geyim nümunələri isə ekspozisiyanı tamamlayır. Filial 1987-ci ildə yaranmış, ekspozisiya Şuşa şəhərində Mehmandarovların malikanəsində yerləşmişdir. 1992-ci ildə Şuşa şəhərinin erməni qoşunları tərəfindən işğalı zamanı muzey işçiləri və yerli sakinlər öz həyatlarını risk altına qoyaraq ekspozisiyanın bir hissəsini çıxarmış və hal-hazırda onlar muzeydə qayğı ilə qorunub saxlanılır.