Heydər Əliyev Fondunun hədiyyəsi - nadir Azərbaycan tikməsi

Orta əsr Azərbaycan tikmə ustalarının yaratdığı parlaq nümunələrdən biri Azərbaycan Xalça Muzeyinin kolleksiyasına yeni daxil olmuş XVIII əsrə aid örtmə tikmə üsulu ilə hazırlanmış sənət əsəridir. Qeyd etmək lazımdır ki, XVI-XVIII əsrlərə aid tikmələr dünyanın iri muzeylərində təqdim olunur və şəxsi kolleksiyalarda saxlanılır. XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycandan çıxarılan bu tikmələrdən ölkəmizdə demək olar ki, yoxdur.

Milli incəsənətin bu qiymətli nümunəsini Heydər Əliyev Fondu “Christie’s” hərracında əldə etmiş və Azərbaycan Xalça Muzeyinin 50 illiyi münasibətilə muzeyə hədiyyə etmişdir.

Muzeydə eyni dövrə aid, eyni texniki üsul ilə hazırlanmış bir sıra tikmələr saxlanılır, lakin bədii kompozisiyası və texniki icrasının səviyyəsinə görə yeni eksponat digərlərini üstələyir. Çox güman ki, o, dekorativ örtük kimi isifadə olunmuş və peşəkar ustalar tərəfindən emalatxanada hazırlanmışdır. Buna sübut kimi pastel rənglərin nəfis uyğunluğu, peşəkar icra və kompozisiyanın bütövlüyünü göstərmək olar. Həmin tikmə birtərəfli örtmə üsulu ilə ipək saplarla pambıq əsasda icra olunmuşdur.

Azərbaycan incəsənətinin əsərləri qürbətdən Vətənə qayıdır və bu da ölkəmizin hər bir sakini üçün böyük sevincdir. Bu Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı və qorunmasında Heydər Əliyev Fondunun verdiyi daha bir böyük töhfədir.