Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə sərgi və ustad dərslər

Azərbaycan Xalça Muzeyində Dağıstanın tədqiqatçı-alimi Raisa İsmayılovanın şəxsi kolleksiyasından olan dargin Kaytaq tikmələrinin sərgisi açılmışdır. Sərgidə həm qədim (XVIII-XIX əsrlər), həm də bu texnikada işlənmiş müasir əsərlər təqdim olunur. Sərgi YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İCOM Azərbaycan Milli Komitəsi tərəfindən təşkil olunur.
 
Tədbirin açılışında Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun rəhbəri Azadə Hüseynova qeyd etdi ki, sərgi keçən il YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanan “Azərbaycanın mədəni sərvəti” layihəsinin növbəti mərhələsidir.
 
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq vurğuladı ki, muzeydə bu tədbirin keçirilməsi təsadüfi deyil. Azərbaycanın ən qədim və yüksək inkişaf etmiş sahələrindən biri olan xalça sənəti nümunələrinin saxlandığı yer qədim sənət növlərinin dirçəlməsinə xidmət edən məkandır və hər zaman da belə olacaq.
 
Raisa İsmayılova öz kolleksiyasından olan nümunələri təqdim edərək söylədi ki, sərgidə kaytaq tikməsi ilə yanaşı, usişin tikmələri də nümayiş olunur. Usişin – Dağıstan tikmə növüdür, sayının azlıq təşkil etməsi səbəbindən kaytaq tikməsinə nisbətən az öyrənilmişdir. Qorunub saxlanılan nüsxələrin belə az sayda olması onların məişətdə xüsusi istifadəsi ilə əlaqədardır. Onlardan ilk növbədə gərdək pərdəsi, sonralar isə cənazə örtüyü kimi istifadə olunurdu. Beləliklə, olduqca sadə şəkildə hazırlanan usişin tikməsi uzun müddətdir ki, nadir bir tikmə növünə çevrilmişdir.
 
Azərbaycan Xalça Muzeyinin Elmi bərpa və ənənəvi toxuculuq texnologiyaları üzrə direktor müavini Yalçın Səlimov bildirdi ki, sərginin layihəsi kaytaq və usişin tikmə texnikası üzrə seminarlar və ustad dərslərinin təşkilindən ibarətdir. Bu cür tədbirlərin keçirilməsində məqsəd keçmiş sənət nümunələrini canlandırmaq, onlara ikinci həyat verməkdir. 
 
Raisa İsmayılova tərəfindən Azərbaycan Xalça Muzeyində keçirilən seminar və ustad dərsləri 21 sentyabr tarixinədək davam edəcək. Muzeyin direktoru Şirin Məlikovanın verdiyi məlumata görə, tikmə sənəti üzrə təcrübəsi olan, eləcə də onların bərpası və mühafizəsi ilə məşğul olan 28 nəfər seminar və ustad dərslərində iştirak üçün qeydiyyatdan keçib.
 
Sərgidə vaxtilə körpələr və gəlinlər tərəfindən amulet kimi istifadə olunan kaytaq pannosu, usişin tikməli örtük və müasir Dağıstan müəlliflərinin əsərləri nümayiş olunur. Müasir müəlliflər əllə boyadılmış ipək saplardan müxtəlif parçalar üzərində Raisə İsmayılovanın eskizləri və ya özlərinə məxsus rəsmlər əsasında müxtəlif kompozisiyaları yaradırlar. Onların əsərləri bu növ tikmə nümunələrinin yenidən yaradıcı şəkildə hazırlandığını nümayiş etdirir.