Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisi açılıb

10 aprel tarixində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisinin rəsmi açılışı keçirildi. Sərginin təşkilatçıları – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Xalça Muzeyidir.
 
Sərginin rəsmi açılış mərasimində Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin direktoru Aleksandr Sedov, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sərginin kuratoru Şirin Məlikova və sərginin ikinci kuratoru, Şərq Xalqları Muzeyinin əməkdaşı Mariya Filatova çıxış etdilər. Açılış mərasiminə toplanan qonaqlar sırasında Moskva şəhərinin muzey ictimaiyyəti, burada yaşayan azərbaycanlı ziyalılar, “AMOR” təşkilatının üzvləri var idi.
 
Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin baş direktoru Aleksandr Sedov təşkil olunmuş sərgiyə görə hər iki ölkənin mədəniyyət nazirliklərinə öz təşəkkürünü bildirdi. O, rəhbərlik etdiyi muzeydə Azərbaycan Xalça Muzeyinin sərgisinin keçirilməsindən məmnun olduğunu qeyd etdi. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova öz çıxışında bu mədəniyyət ocağında son illər ərzində bir sıra Azərbaycan rəssamlarının fərdi sərgilərinin böyük müvəffəqiyyətlə keçirilməsini qeyd etmişdir. O, həmçinin sözügedən tədbirin Şərq Xalqları İncəsənəti Muzeyində təşkil edilən ilk Azərbaycan tətbiqi sənətinə həsr olunmuş sərgi olduğunu nəzərə çatdırmışdır.
 
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Muzey işi və mədəni sərvətlərə nəzarət” şöbəsinin müdiri Azadə Hüseynova Azərbaycan və Rusiya arasındakı mədəni və digər əlaqələr, o cümlədən Azərbaycan Xalça Muzeyinin ölkəmizin muzey sahəsindəki aparıcı rolu haqqında məlumat verdi.
 
Sərginin kuratoru, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova layihə haqqında bu fikirləri bildirir: “Bu sərgi xalqımızın ruhunu, gözəllik və xüsusi harmoniya duyğusunu nümayiş etdirir”. O, həmçinin qeyd etdi ki, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində qorunan Azərbaycana aid eksponatların atribusiyası haqqında muzeylər arasında memorandum imzalanmışdır.
 
Tədbir zamanı qonaqlara YUNESKO-nun maliyyə dəstəyi ilə təşkilatın üzvü olan dövlətlərin əməkdaşlıq proqramı çərçivəsində nəşr olunmuş “Azərbaycan Xalça Muzeyi kolleksiyasından bədii tikmələr” kitabı təqdim olundu.
 
Nikitinski Bulvarındakı zallarda Azərbaycan Xalça Muzeyi və Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasından 100-dən artıq dekorativ-tətbiqi sənət nümunəsi sərgilənir.
 
Ekspozisiya XIX-XX əsrin əvvəlləri Azərbaycan evlərinin interyer xüsusiyyətlərindən, əsasən də xalça və tekstilin məkana verdiyi harmoniya, mükəmməl gözəllikdən bəhs edir. Xalça və tikmələrin, geyim, mis qablar, zərgərlik əşyalarının kompozisiya həlli və ornamentləri özündə əsrlər boyunca formalaşan yaşayış mühitinin estetikasını daşıyır, vahid, xarakterik milli üsluba şahidlik edir.
 
Sərginin qonaqları Azərbaycan Xalça Muzeyinin zəngin kolleksiyasından toy mərasimi ilə bağlı əşyalar, ənənəvi cehizin ayrılmaz elementləri, tikmələrin müxtəlif tip və növləri – dekorativ panno, taxça qabağı, lambreken, örtük, süfrədən tutmuş, hər növ futlyar, aksessuar və qarderob əşyalarına kimi nümunələri görə bilərlər. Onlar arasında qurama, təkəlduz və pilək tikmə növlərini özündə birləşdirən XIX əsrin sonlarına aid taxça qabağı, XIX-XX əsrin əvvəllərinə aid güləbətin tikməli bığbağıları qeyd etmək olar. Bütöv bir vitrin kəlağayının hazırlanmasında istifadə edilən atribut və alətlərə həsr olunub.
 
Ekspozisiyanın xüsusi hissəsini dini inamlarla bağlı namazlıq xalçaları və digər əşyalar təşkil edir. Bütünlüklə örtmə və güləbətin tikmə ilə bəzədilmiş XIX əsrə aid namazlıq xalça, dekorunun əksər hissəsini dini yazılar təşkil edən 1913-cü ilə aid panno, həmçinin güləbətin tikməli möhürqabılar qeyri-adi görünüşə malikdirlər.
 
Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasından zərgərlik əşyaları, incə ornamentlə bəzədilmiş mis səhənglər, camlar, məcməyilər təqdim olunur. Burada xüsusi yeri “səfir” süfrələri tutur. Onlar ona görə belə adlanırdı ki, bu süfrələri əcnəbi səfirlərin şərəfinə saray qəbulları zamanı istifadə edir və həm diplomatlara, həm də xarici qonaqlara xüsusi dəbdəbə əşyası kimi hədiyyə verirdilər. Ekspozisiyanın ən əhəmiyyətli eksponatı XIX əsrə aid Qarabağın “Bəhmənli” xalçasıdır. 1918-ci ildə Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi kolleksiyasının yaranması da məhz bu xalçadan başlamışdır.
 
“Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisi tamaşaçılara Azərbaycan xalqının qədim mədəniyyəti, bu gözəl ölkənin dekorativ-tətbiqi sənət ustaları tərəfindən tərənnüm edilən harmoniya və gözəllik haqqında bəhs edir.
 
Sərgi 12 may tarixinədək davam edəcək.