Aydın Rəcəbovun Azərbaycan Xalça Muzeyində sərgisi

Aydın Rəcəbovun Azərbaycan Xalça Muzeyində sərgisi
 
24 may tarixində Azərbaycan Xalça Muzeyində Azərbaycanın Əməkdar rəssamı, Sultan Məhəmməd mükafatı laureatı,Azərbaycan Rəssamlar İttifaqı “Dekorativ-tətbiqi sənət” bölməsinin  rəhbəri  Aydın Rəcəbovun 75-illiyinə həsr olunmuş “Ənənələrin gələcəyi” adlı fərdi sərgisinin açılışı keçirilmişdir.
 
Tədbirin açılışında çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova sərginin konsepsiyası haqqında bəhs etdi: sərgi Aydın Rəcəbovun son 20 il ərzindəki yaradıcılığının retrospektividir və rəssamın yaradıcılıq prosesini ilk rəsmdən başlayaraq hazır xalçaya qədər dinamikada  izləməyə imkan yaradır. Şirin Məlikova çıxış edərək rəssamın Abşerona, onun təkrarolunmaz ab-havasına həsr olunmuş bir sıra əsərini xüsusi qeyd etdi. O, həmçinin xalça muzeyi ilə uzunmüddətli və məhsuldar əməkdaşlığına görə Aydın Rəcəbova minnətdarlığını bildirdi.
 
Eyni zamanda, qonaqlar qarşısında çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov Aydın Rəcəbova onun üçün Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış  həyat və yaradıcılığından bəhs edən videoçarxı hədiyyə etdi. Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov rəssamın çoxşaxəli yaradıçılığını qeyd etdi, Rəssamlar İttifaqının digər katibi,  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov isə rəssamın qədim xalça sənətinə yeni baxışından danışdı. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov Aydın Rəcəbov ilə uzunmüddətli dostluq və əməkdaşlığından danışdı.
 
Çıxış edənlər yubilyarı təbrik edib, onun tətbiqi sənətimizə  verdiyi töhfələrdən danışdılar. Rəssam öz növbəsində çıxış edənlərə minnətdarlığını bildirdi.
 
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və M.Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olan Aydın Rəcəbov haqlı olaraq tələbəlik illərində sənət sirlərini öyrəndiyi rəssam və tədqiqatçı Lətif Kərimov məktəbinin davamçısı sayılır. Eyni zamanda, onun yaradıcılığı xalça sənətinin ənənələrini və müasir istiqamətlərini özündə birləşdirir. Rəssamın yaratdığı xalçalar Azərbaycanın və xarici ölkələrin  muzey və qalereyalarında qorunub saxlanılır.
 
Ornamental əsərlərində sənətkar ənənəvi türk-oğuz ornamental motivlərindən geniş istifadə edir. Yaratdığı bəzi süjetli xalçalarda orta əsr Azərbaycan miniatur sənətinin təsirini görmək mümkündür, digər əsərləri isə həndəsi stilizasiyası ilə seçilir.
 
Hazırkı sərgiyə son bir il ərzində rəssamın eskizləri əsasında toxunmuş altı xalça hazırlanmışdır. Ümumilikdə isə sərgidə Aydın Rəcəbovun eskizləri əsasında 20 xalça, iki xalça kəməri və iki  çul, eyni zamanda 23 xalça və onların eskizləri sərgilənir.