“Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərginin açılış mərasimi keçirildi

“Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərginin açılış mərasimi keçirildi
 
İyulun 2-də YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub.
 
Dünya şöhrətli Luvr Muzeyinin kolleksiyasında saxlanılan üç nadir xalça ilk dəfə olaraq Bakıda nümayiş etdirilir.
 
Mədəniyyət naziri Əbülfəs Qarayev sərginin açılışında çıxış edərək bildirdi ki, Azərbaycan Xalça Muzeyi ilə Luvr Muzeyi arasındakı əlaqələr yüksək səviyyədə inkişaf edir. Luvr və dünyanın digər muzeylərindəki eksponatların sırasında Azərbaycanla bağlı kifayət qədər çoxlu əşyalar nümayiş etdirilir. “Biz, həmçinin ona görə sevinirik ki, Luvr kimi muzeydə Azərbaycan xalqına aid olan bu xalçaların saxlanılması faktı mövcuddur. Mərasimə gələn nüfuzlu qonaqlar bunu görməklə həm də zəngin mədəniyyətimizin şahidi olurlar”, - deyə Azərbaycan Mədəniyyət naziri əlavə edib.
 
Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib ki, bu sərgi hər iki dövlət arasında əməkdaşlığın inkişafının göstəricisidir. Luvr və Azərbaycan Xalça Muzeyi arasında olan əhəmiyyətlitədbir hamı üçün çox maraqlıdır və bu gün qeyri-adi xalçaları kəşf edirik. Bu tədbir Parislə Bakı arasında olan münasibətləri nümayiş etdirir.
 
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq, YUNESKO və Azərbaycan Xalça Muzeyi arasında olan mövcud əməkdaşlığın bariz nümunəsi kimi əhəmiyyətli layihələrdən söz açmışdır. O, bugünkü tədbirin Luvr Muzeyi ilə ilk birgə layihə olduğu və sərgidə XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aid nadir Azərbaycan xalçalarının nümayiş olunması haqqında məlumat verdi. Layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.
 
Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Fransanın Azərbaycandakı Səfirliyi, Luvr Muzeyi, Azərbaycanda Fransa İnstitutu və “SILK WAY WEST AIRLINES”-ın təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə dövlət və mədəniyyət xadimləri, ölkəmizdə akkreditə olan diplomatik korpusun və YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının nümayəndələri iştirak etdilər.
 
Açılış mərasimindən sonra qonaqlar Luvr Muzeyindən gəlmiş eksponatlarla tanış oldular.
 
Qeyd edək ki, sərgi sentyabrın 30-dək davam edəcək.