Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə sərgi və ustad dərslər

Azərbaycan Xalça Muzeyi “Azərbaycanın mədəni sərvəti” layihəsini həyata keçirir. Layihənin məqsədi – unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. Ölkəmizə xas olan tikmə növləri, xovsuz xalçaların toxunması, misgərlik, zərgərlik, dulusçuluq və digər sənət növləri bu layihəyə daxildir.
Bu ilin 5-21 sentyabr tarixlərində Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisa İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. 
Hal-hazırda bacısı, sənətşünas və sərgi kuratoru Cəvqərət Monakova ilə birgə müxtəlif sərgilərdə iştirak edir, bərpa edilən dargin “Kaytaq” tikmə növü üzrə ustad dərslər keçirir. Antikvar toxuculuq və XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.
Ustad dərslər Azərbaycan və rus dillərində təşkil olunacaq. Ustad dərslər tam pulsuzdur. Kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar. Dərslərdə bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyatı olan şəxslər iştirak edə bilərlər.
İştirak etməkdənötrü qeydiyyatdan keçmək üçün bu elektron ünvana müraciət etməyiniz xahiş olunur: carpetmuseum.baku@gmail.com
 
***
Ustad dərslərlə yanaşı, 5-21 sentyabr tarixlərində Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. Burada müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq.
Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
 
Daha ətraflı məlumat:
www.azcarpetmuseum.com/
www.facebook.com/AzerbaycanXalcaMuzeyi/
Tel.(+99412) 497 20 16