Azərbaycan Xalça Muzeyinin direktoru Memarlıq və Muzey Texnologiyaları üzrə Beynəlxalq Komitənin (ICAMT) 43-cü illik konfransında iştirak etdi

2017-ci il 14-16 sentyabr tarixlərində Belçikada ICAMT-ın (Memarlıq və Muzey Texnologiyaları üzrə Beynəlxalq Komitə) 43-cü illik konfransı keçirildi. Konfransın məqsədi  innovativ memarlıq dizaynı ilə diqqəti  çəkən yeni və rekonstruksiya prosesində olan  muzeylərı,  bu sahədə geniş istifadə olunan müasir texnologiyaları, ekspozisiyaların qurulmasının yeni metodlarını göstərmək idi.

Konfransda Belçika, Böyük Britaniya, Misir, Niderland, Finlandiya, İsveç, Tayvan, Braziliya, Azərbaycan, Gürcüstan, Rusiya, Yaponiya, Fransa və ABŞ-dan olan 80 nümayəndə iştirak etdi. Onların arasında memarlar, dizaynerlər, muzey direktorları, kuratorlar, kolleksiya mühafizləri, marketing menecerlər, muzeyləri avadanlıqla təchiz edən şirkətlərin nümayəndələri və s. var idi.

Konfransda ölkəmizi ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova təmsil etdi. Şirin Məlikova “Ənənə ilə müasirlik üzləşəndə” adlı məruzə ilə çıxış etdi. O, burada Azərbaycan Xalça Muzeyinin binasının unikal memarlıq həlli, tikintidə istifadə olunan müasir texnologiyalar, eksponatların nadir təqdimetmə üsulu və saxlanılması üçün qabaqcıl metodların işlənməsindən söz açdı.

Konfransın davam etdiyi üç gün ərzində Belçikanın dörd şəhərində yerləşən beş muzeyi ziyarət etmək mümkün oldu. Bunlar arasında həm hal-hazırda təmir olunan, həm də təzəlikcə qapılarını ictimaiyyətə açan muzeylər var idi – Brüsseldə “Royal Museum for Central Africa” (Mərkəzi Afrika Kral Muzeyi), Löven şəhərində “Museum M”, Mexelen şəhərində “Hof van Busleyden” və “Dossin Kazerne” muzeyləri, Antverpendə “Diva Home of Diamonds” və “M KHA” (Müasir İncəsənət Muzeyi).

Konfrans iştirakçıları öz bilik və təcrübələrini bölüşdülər, muzey işi sahəsində qarşıda duran məsələləri müzakirə etdilər.