“Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə keçirilib

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib. Mühazirədə xalça sənəti üzrə mütəxəssislər, xalçaçılar, tələbələr və bu sahəyə marağı olan şəxslər iştirak edib.
Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq  Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın yaradıcılığı barədə qısa məlumat verib. Şirin xanım tanınmış xalça ustası Lətif Kərimovun sevimli tələbəsi və layiqli davamçısı olan Kübra xanımın 50 ildən artıqdır həyatını xalçaçılıq sənətinə həsr etdiyini bildirib. Onun “Azərbaycanın xovsuz xalçaları”, “XVI-XVII əsr Təbriz xalçaçılıq məktəbi”, “Lətif Kərimovun həyat və yaradıcılığı” kimi kitabların müəllifi, eləcə də “Azərbaycanın xalı və xalıçılıq terminləri lüğəti” kitabının həmmüəllifi olduğunu vurğulayıb. Direktor Dövlət Rəssamlıq Akademiyasının professoru K.Əliyevanın müxtəlif dillərdə çoxsaylı məqalələrinin çap olunduğunu, Avropa, Yaxın Şərq ölkələrində keçirilən elmi simpozium və konqreslərdə Azərbaycan incəsənəti ilə bağlı mövzularda məruzələrinin dinlənildiyini diqqətə çatdırıb. 
Ş.Məlikova Kubra xanımın fəaliyyətinin dövlət səviyyəsində də yüksək qiymətləndirildiyini, onun Prezident İlham Əliyevin 30 may 2014-cü il tarixli qərarına əsasən Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görüldüyünü deyib. 
Sonra professor Kubra Əliyeva həyatı və yaradıcılığı haqqında geniş çıxış edib. O, Azərbaycanın xalq rəssamı Lətif Kərimovun xeyir-duası ilə bu sahədə ilk addımlarımı atdığını, Lomonosov adına Moskva Dövlət Universitetində professor N.V.Vasilenkonun yanında təcrübə keçdiyini bildirib.
Mühazirə zamanı professor Kübra Əliyeva xalçaçılıq sənətini öyrənmək üçün ötən əsrin 60-cı illərinin axırlarından başlayaraq ekspedisiyalarda olduğunu, fərqli etnoqrafik ənənələri, mifləri topladığını, memarlıq abidələrini öyrəndiyi vurğulayıb. O, ölkəmizin ərazisini qarış-qarış gəzərək xalqımızın tarixini, keçdiyi keşməkeşli yolu müxtəlif mənbələr əsasında mükəmməl öyrəndiyini söyləyib. Xalçaçılığın mifologiya, etnoqrafiya və fəlsəfəni də özündə birləşdirdiyini söyləyən görkəmli xalçaçı-rəssam sənətinin incəliklərindən geniş şəkildə bəhs edib.
Milli irsimizin yorulmaz tədqiqatçısı və təbliğatçısı Kübra Əliyeva 40 ildən artıq müddətdə müəllim kimi çalışıaraq yüzlərcə rəssam, sənətşünas və dizaynerlər yetişdirdiyini, yüksək ixtisaslı kadrlar hazırladığını da deyib.
Sonda professor K.Əliyeva auditoriyanın suallarını cavablandırıb.