Bu gün muzeyimizin həyatında çox önəmli bir gündür. Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının yaranmasından 35 il ötür

Bu gün muzeyimizin həyatında çox önəmli bir gündür. Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının yaranmasından 35 il ötür. Çox xoşbəxtik ki, təkrarsız gözəllikləri ilə gözoxşayan füsunkar diyarımız, musiqi, sənət beşiyimiz Şuşa azadlığına qovuşub və biz bu tarixi günü böyük sevinc hissi ilə qeyd edirik. Belə ki, Qarabağ xalçaçılıq ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə 1987-ci ildə Mehmandarovların XVIII əsrin tarixi-memarlıq abidəsi olan malikanəsində fəaliyyətə başlayan Şuşa filialının eksponatları 30 ildən sonra yenidən Şuşada nümayiş olunacaq. Erməni təcavüzü nəticəsində 1992-ci ildən Azərbaycan Milli Xalça Muzeyində sığınacaq taparaq fəaliyyətini davam etdirən Şuşa filialına aid sənət əsərləri artıq doğma yurdunda öz tamaşaçılarını heyran edəcək.