“Gənc tamaşaçılar üçün muzey” adlı konfrans

19-21 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Milli Xalça Muzeyində (AMXM) “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir AMXM və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə həyata keçiriləcək.

“Gənc tamaşaçılar üçün muzey” konfransı gənc ziyarətçi kontingenti olan muzeylər, həmçinin valideynlər və təhsil müəssisələri ilə muzeylər arasında münasibətlərin bütün nüanslarını əhatə etmək üçün nəzərdə tutulub. Sessiyalarda “Uşaqlar, yeniyetmələr və valideynlər üçün muzey proqramları”, “Uşaqlar və muzey: muzey mühitində dayanıqlı inkişafın perspektivləri”, “Uşaq auditoriyasının genişlənməsi və dinamikası: inklüziv layihələr”, “Muzeylər və məktəblər: muzey pedaqogikasının üfüqləri”, “Muzeylərdə uşaqlar üçün rəqəmsal materiallar” kimi mövzular müzakirə olunacaq. Tədbirdə Azərbaycan, Almaniya, Bolqarıstan, Çexiya, Hollandiya, Latviya, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkmənistan kimi ölkələrdən 24 muzey işçisi iştirak edəcək.

Mövzunu nəzərə alaraq, bu konfransın ənənəvi elmi forumlarla müqayisədə daha sərbəst formatda keçirilməsi nəzərdə tutulub.

Konfrans çərçivəsində akademik sessiyalarla yanaşı, sərgi, ustad dərsləri və zəngin mədəni proqram təşkil olunacaq və bu beynəlxalq tədbir parlaq, yaddaqalan hadisəyə çevriləcək.