Azərbaycan Milli Xalça Muzeyində “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfransın açılışı olub

Oktyabrın 19-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfransın açılışı olub. Konfransı mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva açaraq bu cür tədbirlərin beynəlxalq təcrübənin öyrənilməsi, paylaşılması baxımından geniş imkanlar yaratdığını, dünya muzey mütəxəssislərinin mədəni əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova uşaqların muzeylərə cəlb edilməsi, burada onların maraqlarına uyğun mühitin formalaşdırılması məsələlərinin aktuallığını diqqətə çatdırıb, konfransın məqsəd və əhəmiyyətindən danışıb. Əsas məruzəçi, Amsterdam Brilyant Muzeyinin rəhbəri, İCOM MPR Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü Byorn Stenvers "Muzeylərin uşaq auditoriyası üzərində dəyişən rolu” mövzusunda çıxış edib.

Sessiyalar bitdikdən sonra konfrans iştirakçıları muzeyin ekspozisiyası ilə, həmçinin Zərgərlik fondu ilə yaxından tanış olublar. Daha sonra onlar muzeyin Ənənəvi texnologiya şöbəsində yeni toxunmuş “Zəfər” xalçasının ənənələrə uyğun kəsimi mərasimində iştirak ediblər.

Qeyd edək ki, oktyabrın 21-dək davam edəcək konfransda Azərbaycan, Almaniya, Bolqarıstan, Çexiya, Hollandiya, Latviya, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkmənistan kimi ölkələrdən 24 muzey işçisinin çıxışları dinləniləcək. “Muzeylər və məktəblər: muzey pedaqogikasının üfüqləri”, “Muzeylərdə uşaqlar üçün rəqəmsal materiallar “Uşaqlar, yeniyetmələr və valideynlər üçün muzey proqramları”, “Uşaqlar və muzey: muzey mühitində dayanıqlı inkişafın perspektivləri”, “Uşaq auditoriyasının genişlənməsi və dinamikası: inklüziv layihələr” mövzuları üzrə müzakirələr aparılacaq.

Gənc ziyarətçi kontingenti olan muzeylər, həmçinin valideynlər və təhsil müəssisələri ilə muzeylər arasında münasibətlərin bütün nüanslarını əhatə edən konfrans AMXM və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilir.