Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib

Azərbaycanın xalça sənətini dünyada tanıdılması və qorunub saxlanılması sahəsində müstəsna xidmətləri olan Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib. 15 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib. Mədəniyyət və Maliyyə Nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 
Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, əməkdar mədəniyyət işçisi Şirin Məlikova qeyd etdi ki, “Bu hadisəni biz çoxdandan səbrsizliklə gözləyirdik. Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunun hazırlanıb qəbul olunması, Azərbaycan xalça sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi, Azərbaycan Xalça Muzeyi üçün müasir üslublu binanın tikilməsi və digər çox əhəmiyyətli tədbirlər muzeyimizə dövlət qayğısının bariz təcəssümüdür.”
 
“Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident hörmətli Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədova və Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəs Qarayeva muzeyin kollektivi adından dərin minnətdarlığımızı bildiririk” – deyə Şirin Məlikova fikrini tamamlamışdır.
 
1967-ci ildə yarandığı dövrdə xalçaçılıq sahəsində ixtisaslaşmış ilk xalça muzeyi xalçaçılıq elminin banisi, görkəmli rəssam və pedaqoq Lətif Kərimovun təşəbbüsü ilə Bakıda yaradılmışdır.
 
Unikal kolleksiyaya malik muzey həm təqdim olunan zəngin materialına görə, həm də elmi-texniki təchizatına görə dünyanın ən tanınmış muzeyləri səviyyəsindədir.
 
Statistik məlumata görə təkcə 2018-ci ildə 110 mindən çox ziyarətçi Azərbaycan Xalça Muzeyinin kolleksiyası ilə tanış olmuşdur. Bununla yanaşı, muzeyin fəaliyyəti beynəlxalq muzey təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. 2018-ci ildə Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Muzey, həmçinin Avropa Muzey Forumu tərəfindən “Avropanın ən yaxşı muzeyi 2018” mükafatına namizədlər arasında idi. O, burada “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olunub. Üç il ardıcıl olaraq, muzey dünyanın ən yaxşı muzeyi kimi “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb.
 
Ş. Məlikova bildirdi ki, “Bu status muzeyimiz qarşısında yeni imkanlar açır. Belə ki, milli status ölkə və dünya səviyyəsində muzeyimizin nüfuzunu qaldırır, mədəniyyətimizin və incəsənətimizin qorunması, zənginləşdirilməsi və inkişafında xüsusi rolunu vurğulayır. Bununla yanaşı, bu sənədin qəbul olunması muzeyimizin əməkdaşlarının maddi rifahının yaxşılaşdırılması istiqamətində atılan müsbət bir addımdır. Azərbaycan Xalça Muzeyinin kollektivi bu xəbəri böyük ruh yüksəkliyi və sevinclə qarşıladı. Milli statusa layiq görülmüş Azərbaycan Xalça Muzeyi xalqımızın maddi sərvətlərinin qorunduğu mühüm elm və mədəniyyət müəssisəsi kimi şərəfli fəaliyyətini daha böyük məsuliyyət və əzmlə davam etdirəcək.”