Çin təqvimi üzrə Yeni il @Bakı

Bildiyimiz kimi, 25 yanvar 2020-ci il tarixində Çin təqvimi üzrə ağ metal siçan ili başlayır. Bu da həmin 12 illik təqvimin ilk ili sayılır. Bu münasibətlə 10-18 yanvar 2020-ci il tarixlərində Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlər keçiriləcək. Təşkilatçılar – Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Milli Xalça Muzeyidir. Həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr keçiriləcək. Ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət foto-sərgi, video-çarx və ənənəvi bayram atributları əsl Çin Yeni il ab-havasını yaşadacaq.
Silsilə tədbirlər böyüklər və uşaqlar, Bakı sakinləri və şəhərimizin qonaqları üçün nəzərdə tutulub. Keçirilən ustad dərsləri Bakıdakı Konfusiy İnstitutunun müəllimləri tərəfindən aparılacaq, çin dilindən tərcümədə onlara həmin təhsil ocağının tələbələri kömək edəcək. Bu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamına bir töhfə olacaq.
Qədim Çin çay mərasimi, fənərlər, ənənəvi açıqcaların ieroqliflərlə yazılması və digər biri-birindən maraqlı ustad dərsləri keçiriləcək. Qeyd edək ki, iştirak ödənişsizdir. 
Azərbaycan Milli Xalça Muzeyi Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və bu ölkənin muzeyləri ilə sıx əməkdaşlıq edir. 2019-cu ildə Pekində Çin Milli Muzeyində, daha sonra isə Hainan şəhərində Cənub Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” (Splendour Asia – Joint Exhibition of Asian Civilization) adlı sərgisində iştirak edib. Çox fəxredici haldır ki, burada sərgilənən Heydər Əliyev Fondu və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ tətbiqi-sənət nümunələrinə üç milyondan çox insan yaxından tanış olmuşdur. Və bu da Azərbaycan mədəniyyətinin incisi olan xalça sənətinin dünya səviyyəsində təbliğində çox önəmli bir hadisədir. 
Bununla yanaşı, Beynəlxalq Muzeylər Şurasının (ICOM) dəstəyi ilə əməkdaşlarımız mütəmadi olaraq Çin muzeylərində təşkil olunan muzeyşünaslıq üzrə treninq və konfranslarda iştirak edir.
“Çin təqvimi üzrə Yeni il @ Bakı” adlı silsilə tədbirləri iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.