Ladı

Dəyərli dostlar!
“Xovsuz xalçalar” rubrikasında bu dəfə Ladı barədə məlumat verəcəyik.
Ladı. Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Əriş, arğac – pambıq. Keçirtmə texnikası. İnv. №7882
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında saxlanılan maraqlı və çox dəyərli eksponatlar arasında xovsuz xalça növlərindən olan ladı özünəməxsus yer tutur. Qeyd edək ki, “Ladı” sözünün mənşəyi Qazax və Qarabağ bölgələrində yaşamış Ladı tayfasının adı ilə bağlıdır. Bu xovsuz xalça növü yun və pambıqdan əyrilmiş iplərdən toxunur. Ladının strukturunu üç müxtəlif sistemli ip - əriş, arğac ipləri və əlavə “naxış ipi” təşkil edir. Ladı keçirmə texnikası ilə, “naxış ipi”nin ərişlərin arasından üfüqi istiqamətdə, müxtəlif şəkildə keçirilməsi ilə toxunur, nəticədə keçirmələr – “sırıqlar” əmələ gəlir. Belə toxuma həm də ladı texnikası adlanır. Məişətdə döşənəcək və divar örtüyü kimi istifadə olunan ladı xalçaları Qarabağ, Qazax, Tovuz, Yardımlı bölgələrində və Cənubi Azərbaycanda toxunur. Qazaxda, Borçalıda (Qarayazı kəndində), Göyçədə ladını həm də “Dərmə-kilim” adlandırırlar. Xalçanın bu növünün nisbətən kiçik ölçülərindən uşaqlar üçün nənnilər də düzəldilirdi.