"Stalin - 70"

Dəyərli dostlar!
Sizə növbəti xalça hekayəsini təqdim edirik.
Unutmayın, sizin də xalça hekayənizi gözləyirik!
"Stalin - 70".
Muzeyimizin bu eksponatının olduqca maraqlı və eyni zamanda sirli tarixi var.
1994-cü il idi. Məhz o il mən Azərbaycan Milli İncəsənət Muzeyinə (keçmiş R. Mustafayev adına Dövlət İncəsənət Muzeyi) baş mühafiz vəzifəsinə dəvət olunmuşdum. Fondların təhvil-təslim prosesi gedirdi. Günlərin bir günü muzeyin o vaxtkı direktoru, Azərbaycanın Xalq rəssamı İbrahim Zeynalov məni yanına çağırıb dedi ki, muzeyin heykəllər saxlanılan zirzəmisində daha geniş bir yerə keçirilməli olan rulon şəklində bükülmüş böyük bir xalça var. Xalçanı açdıqda təəccübümüzün həddi-hüdudu yox idi. Bu, 1949-cu ildə İ. V. Stalinin 70 illiyi münasibətilə toxunmuş və 1953-cü ildə onun ölümündən bir neçə il sonra unudulmuş xalça idi. Bu xalçanı hələ 1940-cı ildən İncəsənət muzeyinin sifarişi ilə Azərbaycanın məşhur xalçaçı-rəssamları yaratmışdırlar. Bu və çox sayda digər məqamları araşdırmaq lazım idi.
Muzeyin qeydiyyat sənədlərinə əsasən, yuxarıda qeyd edildiyi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyi xalçanı 1940-cı ildə sifariş edib. Bu sifariş muzeyin Əsas inventar kitabında da
qeyd olunub. Həmin kitabdan həmçinin məlum olur ki, xalça 1949-cu ildə İ. V. Stalinin 70 illiyi münasibətilə toxunub və xalçanın müəllifləri Xalq rəssamları Lətif Kərimov, İsmayıl Axundov və Kazım Kazımzadədir.
2 dekabr 1949-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin "Yoldaş İ. V. Stalinin 70 illiyi münasibətilə komitənin təşkil olunması haqda" fərmanı imzalanır.
Bununla əlaqədar hər tərəfdə 21 dekabr 1949-cu ildə qeyd ediləcək SSRİ Nazirlər Sovetinin sədri, SSRİ generalissimusu İ. V. Stalinin yubileyi üçün hazırlıq işləri başlayır.
Respublikamızda rəhbərə milli incəsənət simvolumuz – Azərbaycan xalçası hədiyyə etmək qərara alınmışdı. Bu məsuliyyətli dövlət tapşırığı o zaman gənc xalçaçı-rəssamlar L. Kərimov, İ. Axundov və K. Kazımzadəyə həvalə edilmişdir. Bu sifarişin yerinə yetirilməsinə görə xalçaçı-rəssamların üçü də 1950-ci ildə Birinci dərəcəli Stalin mükafatı laureatı adına layiq görülmüşdürlər.
Beləliklə, yenidən xalçaya qayıdaq. Onun sahəsi çox böyükdür – 70 m2. Bunun yubiley tarixi ilə əlaqəli olduğu güman edilir.
Kompozisiyanın mərkəzində İ.V. Stalinin Kreml kabinetində tam boyda təsviri verilib. Xalçanın kənarları boyunca Xalqlar rəhbərinin inqilabi fəaliyyətinin fraqmentləri və silahdaşlarının portretləri təsvir olunub. Bununla yanaşı, Azərbaycan SSR-nin sovet hakimiyyəti dövründə əldə etdiyi nailiyyətlər geniş nümayiş etdirilib. Xalçanın əsas fərqləndirici xüsusiyyəti perimetr boyunca ornamentlərin bütövlüklə Azərbaycan milli üslubunda olmasıdır.
Bu eksponat haqqında hər şey aydın idi. Xalçanın müəllifləri, tarixi və yaranma yeri məlumdur. Həmçinin xalçanın ötən əsrin təxminən 50-ci illərinin ortasına qədər Bakıda Stalin muzeyinin (sonradan – Pionerlər evi) daimi ekspozisiyasında nümayiş olunması məlumdur.
Lakin bir neçə il əvvəl Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin xanım Məlikovanın tövsiyəsi ilə İsrail vətəndaşı Gülya Mardaxayeva mənə müraciət etdi. Bu görüş mənim yaddaşıma həmişəlik həkk olundu. Məlum oldu ki, Gülya xanım yubiley xalçasının toxucularından birinin qızıdır.
Məzmunu dəyişmədən onun hekayəsindən bir fraqmenti sitat gətirirəm: “Anam, Aqaronova İfrad Aqaronovna 1 fevral 1928-ci ildə anadan olub. O, Quba rayonunun Qırmızı qəsəbəsində yaşayıb və işləyib. 1949-cu ildə Stalin xalçasını toxumaq üçün Bakıya ezam olunmuşdur. Onlar gündə 12 saat olmaqla bir il ərzində iki növbədə işləyiblər. Hər növbədə 20 toxucu qız var idi. Naharları restoranda verilirdi. Onlar Kömürçü meydanı ərazisində yaşayırdılar. Lətif Kərimov daim onların işinə nəzarət edir, lazımi məsləhətlər verirdi. İş bitdikdə bütün toxuculara ayaqqabı, pan-məxmər parça, krepdeşin kəlağayı, həmçinin Birinci katib Mircəfər Bağırovdan Fəxri fərman təqdim olundu. Hal-hazırda anam İsraildə Arad şəhərində yaşayır və tez-tez o günləri yada salır”.
O günlərin xatirəsi olaraq Gülya xanım muzeyimizə "Stalin - 70" xalçasının müəllifi Lətif Kərimov və toxucuların qrup şəklində çəkilən fotosunu hədiyyə etdi. Şəkildə yuxarı sırada soldan birinci Gülya xanımın anası - Aqaronova İfrad Aqaronovnadır. Biz də öz növbəmizdə ona xalçanın şəkilləri olan diski hədiyyə etdik.
Məndə olan məlumatlara əsasən bu şəkil ilk dəfə ictimaiyyətə təqdim edilir. Bu şəkildə daha üç qız var. Bəlkə onları kimsə tanıdı? İstənilən məlumata görə sizə minnətdar olarıq.
P.S. 2011-ci ildə Stalin xalçası sözün həqiqi və məcazi mənasında ikinci dəfə işıq üzü gördü. 1999-2013-cü illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş 12 sənədli film çəkmiş məşhur kinorejissor Vaqif Mustafayev sayca 10-cu "Heydər Əliyev. Dövlət" filmini Niyazi 9 ünvanlı muzeyin interyerlərində çəkmişdir. Çəkiliş zamanı fondumuzdan bəzi eksponatlar, o cümlədən "Stalin - 70" xalçası da istifadə olunmuşdur.
Nailə Rəhimova,
Azərbaycan Milli İncəsənət Muzeyinin Baş mühafizi