Xalça “Leyli və Məcnun”

Əziz dostlar!
“Sənətə həsr olunmuş ömür” rubrikası çərçivəsində muzeyimizin növbəti dəyərli əməkdaşını-Eldar Mikayılzadəni sizə təqdim edirik.
Eldar Mikayılzadə
Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Federasiyası Rəssamlar İttifaqının üzvü, Azərbaycan Milli Xalça Muzeyinin Elmi şurasının və Fond-satınalma komissiyasının üzvü, Azərbaycan Respublikasının Xalq rəssamı, xalçaçı-rəssam Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan qəsəbəsində anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini 1978-1983-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda və Sankt-Peterburq şəhərindəki Rəssamlıq Akademiyasında davam etdirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun xalça şöbəsində, daha sonra "Azərxalça" EYİB-də baş rəssam vəzifəsində çalışmışdır.
Eldar Mikayılzadə hazırda pedaqoji fəaliyyətlə də məşğuldur və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. Sənətkarın müəllifi olduğu "Yaranış" xalçası Frankfurtda keçirilmiş beynəlxalq sərgidə qızıl medala layiq görülmüşdür. Eldar Mikayılzadə Azərbaycan xalçaçılıq sənətində fəlsəfi mövzuya xüsusi diqqət yetirən sənətkardır.
E.Mikayılzadənin əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Küveytdə qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Müəllifin eskizləri əsasında “Yeni Xilə”, “Şəbi-hicran-1”, “Şəbi-hicran-2”, “Nağıllar aləmi”, “Azərbaycanın poeziya və musiqi korifeyləri”, “Xətai”, “Xəmsə”, “İslam”, “Təbriz”, “Bürclər”, “Xilaskar”, “Üç din”, “Bismilləhir-rəhmanir-rəhim”, “Üç peyğəmbər”, “Səttarın arzusu”, “Kəhkəşan” və digər xalçalar toxunmuşdur.
 
“Leyli və Məcnun” xalçası
E.Mikayılzadə Füzulinin yaradıcılığına müraciət edərək “Leyli və Məcnun” xalçasında poemanın süjetinin başlıca məqamlarını – Leyli və Məcnunun məktəbdə oxuduqları dövrü, Məcnunun elçilərinə rədd cavabının verilməsini, Leylinin toyunu, Məcnunun atası ilə səhrada görüşünü və s. təsvir etmişdir.
Xalçanın üst hissəsindəki tağda bir-birini sevən, lakin bu dünyada yox, yalnız o biri dünyada qovuşacaq olan iki sevgilinin simvolik təsviri verilib. Bu təsvir iki sönmüş şamın tüstüsü ilə formalaşan ürək şəklindədir. Bunu vurğulamaq məqsədi ilə tağın üstündə tacı aşağı baxan cənnətdəki Tuba ağacı təsvir olunmuşdur. Şamların üzərində mələklər və nəstəliq xətti ilə poemadan misralar yer alır. Diqqətəlayiqdir ki, xalçanın üst hissəsində təsvir olunan dağ, ağac, quş, bulud, səma və s. görüntülər Füzulinin öz obrazını formalaşdırır.
 
Xalça “Leyli və Məcnun”. Müəllif: Eldar Mikayılzadə. Azərbaycan. 2014
Əriş, arğac – pambıq; xov – yun. İnv. № 9539