Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi-satış yarmarkası keçiriləcək.
Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi-satış yarmarkası keçiriləcək.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Milli Xalça Muzeyi, “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyi və Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Xeyriyyə sərgi-satış yarmarkasında görmə, eşitmə və hərəkət imkanları məhdud insanların əl işləri olan rəsm, xalça və digər dekorativ-tətbiqi sənət nümunələri təqdim olunacaq. Fiziki imkanları məhdud insanların yaradıcılığının ictimaiyyət arasında təbliği, onların əl işlərinin satışına dəstək məqsədilə keçirilən tədbirdə əldə olunan gəlir həmin şəxslərin maddi durumunun yaxşılaşdırılmasına sərf ediləcək.
Tədbirdə muzeyin Uşaq şöbəsi tərəfindən fiziki imkanları məhdud uşaqlar üçün ustad dərslər keçiriləcək.
Tədbirdə Dövlət Ermitajının Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə etdiyi Pazırıq kurqanından tapılmış qədim keçə fraqmentinin taktil nümunəsi də qonaqlara təqdim olunacaq.
Qeyd edək ki, 2019-cu ildən ölkəmizdə ilk inklüziv muzey kimi fəaliyyət göstərən Azərbaycan Milli Xalça Muzeyi fiziki imkanları məhdud insanları daim diqqət mərkəzində saxlayır. Muzey inklüziv proqramları çərçivəsində fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək üçün fəaliyyətini davam etdirir.