Xalça “Ləmpə”

Əziz dostlar!
İndi isə vaxt “Ləmpə” xalçasınındır. Görək bu xalça hansı cəhətləri ilə kolleksiyada özünəməxsus yer tutmağı bacarıb.
Xalça “Ləmpə”. Təbriz, Cənubi Azərbaycan. XIX əsr.Əriş, arğac, xov – yun. 260x580 sm. İnv. № 2516
Muzey kolleksiyasında saxlanılan Təbriz qrupuna aid xalçalar arasında XIX əsrə aid və 1974-cü ildə muzey üçün alınmış “Ləmpə” xalçası kompozisiyasının quruluşu ilə seçilir. O dövrün karxanasında toxunmuş bu xalçada “Ləçək-türünc” kompozisiyasının ümümi quruluş prinsipini saxlayan sənətkarlar onun əsasında orijinal kompozisiya yaratmışlar. Kompozisiyanın əsasını nəbati elemetlərlə bəzədilmiş medalyon təşkil edir. Medalyonun dörddə bir hissəsi ara sahənin dörd küncündə təkrarlanır. Bu xalçanın kompozisiyası simmetrikdir. Burada mərkəzdən
ara sahə boyunca uzanan simmetriya oxu xalçanı iki bərabər hissəyə bölür və bir hissəsinin ornamental motivləri digər hissəni təkrar edir. Mərkəzi medalyon iki tərəfdən kətəbə başlıqlarla tamamlanır, bunlar da ara sahənin əsas elementi kimi istifadə olunur. “Ləçək-türünc” kompozisiyasına əsasən, kətəbələr adətən medalyon və qübbə arasında yerləşdirilir.Xalçanın əsas xüsusiyyətlərindən biri ara sahədə simmetrik yerləşdirilmiş orijinal formalı, qu quşu başı ilə tamamlanan qübbələrdir. Əksər türk xalqlarında quş təsvirləri ocağı qoruyan Umay Ana və qadın başlanğıcı ilə assosiasiya edilir.Ara sahənin iki tərəfində yerləşən kətəbə və qübbələrin hissələrinin ardınca gələn ləçəklər kompozisiyanı tamamlayıb zənginləşdirərək, xalça sahəsinin uzunsov kənarlarına orijinallıq verir. Bu xalçanı haqlı olaraq muzey kolleksiyasında
saxlanılan Təbriz xalçalarının ən gözəl nümunəsi hesab etmək olar.