Xalça “Pirəbədil”
Əziz izləyicilər!
Bu gün sizə “Xovlu xalçalar” kolleksiyamızdan XIX əsrə aid iki xalça təqdim edəcəyik.
Tarixi, bədii, elmi və muzey əhəmiyyətli bu xalçaların hər biri aid olduqları xalça mərkəzlərinin ən gözəl nümunələri hesab olunur. Gəlin, Qubanın “Pirəbədil” xalçasının özəlliklərinə birgə nəzər salaq!
Xalça “Pirəbədil”. Quba, Azərbaycan. XIX əsrinsonu. Əriş, xov – yun, arğac – pambıq. 142x213 sm. İnv. № 445
Quba xalçaları çox zaman bütün ara sahə boyu uzanan mürəkkəb medalyonlarla bəzədilir. Xalçanın ara sahəsini əhatə edən haşiyə zolağı maraqlı motivlərlə bəzədilir və çox az yer boş qalır. Azərbaycan xalçaları arasında seçilən Quba xalçaları müxtəlif həndəsi naxış və ornamentlərlə bəzədilir. Onlarda heyvan və bitki təsvirlərinə də rast gəlinir. Bu xalçaların rəng qamması olduqca zəngindir. Adətən burada sürməyi və tünd qırmızı rənglər üstünlük təşkil edir. Rəngbərəng bədii tərtibat sarı, yaşıl, eləcə də təbii yun rənginin tətbiqində ifadə olunur. Muzeyin kolleksiyasından olan ən məşhur kompozisiyalardan biri 1968-ci ildə alınan XIX əsrin sonuna aid “Pirəbədil” xalçasıdır. Bu xalçanın adı Şabran rayonunun eyniadlı kəndindən götürülüb. Kompozisiya mürəkkəbliyinə görə digərlərindən seçilir. Xalçanın üzərində kompakt şəkildə müxtəlif formalı elementlər səpələnib. Xalça dekorunun naxışları arasında yalnız bu xalçaya xas, olduqca həndəsiləşdirilmiş “buynuz” elementinin yanında stilizə edilmiş bitki motivləri – üzüm yarpaqları, quş və heyvan fiqurları yerləşdirilmişdir.