Xalça “Əjdahalı”

Xalça “Əjdahalı” Qarabağ. Azərbaycan. XVII əsr. Əriş, arğac-pambıq, xov-yun. 198x435sm. İnv. № 9388
Xalça mərhum kolleksiyaçı Qrover Şiltsin xanımı Beverli Şilts tərəfindən muzeyimizə hədiyyə edilmişdir.
Bu kompozisiyanın əsas elementləri ona təkrarolunmazlıq bəxş edən müxtəlif formalı özünəməxsus dişciklərlə əhatə olunmuş, aşağıdan yuxarıya doğru istiqamətlənmiş geniş, uzunsov qollar və ya budaqlardır. Bu cür xalçalar Əjdahalı xalçalara aid edilir. Əjdaha təsviri türk xalqlarının incəsənətində çox geniş yayılmışdır. Azərbaycan incəsənətində əjdahanın ilk təsvirlərindən birini İran Azərbaycanın Sulduz mahalında Həsənli təpəsindən tapılmış, təxminən e.ə. IX əsrə aid edilən qızıl camın üstündə görə bilərik. Əjdaha obrazı rəmzi xarakterli olub, Azərbaycan xalçaçılığında xüsusi yer tutur. Azərbaycan xalçalarında əjdahanın müxtəlif formaları vardır. Əjdaha obrazının stilizə olunmuş müxtəlif təsvirləri Azərbaycanın xovsuz və xovlu xalçalarının kompozisiya quruluşlarında qədim zamanlardan toxunmuşdur. Onların ən parlaq nümunələri XVI-XVII əsrin Qarabağ xalçalarında yer alır.
Xalçalarda o, simvolik olaraq naxışlar arasında palmetta formasında və qoruyucu qismində çıxış edir. Çünki palmetta həyatın simvolu olan gülü bildirir, əjdaha isə bu həyatın qoruyucusudur. Sarmaşan bitkilərlə bəzədilmiş ara haşiyə də maraq kəsb edir. Bu cür haşiyə Qarabağda toxunmuş əjdahalı xalçaları üçün xarakterikdir. Belə xalçaların evə xoşbəxtlik və ruzi gətirdiyinə inam var idi.