Хalça “Qasımuşağı”
Хalça “Qasımuşağı”. Qarabağ, Azərbaycan. Hicri 1330 / 1912-ci il. Əriş, arğac, xov – yun. 160x284 sm. İnv. № 7798
Muzeyin Qarabağ tipinin Cəbrayıl qrupuna aid ən maraqlı xalçalarından biri hicri tarixi ilə 1330/1912-ci ilə aid həndəsi fiqurlarla ustalıqla tərtib edilmiş “Qasımuşağı” (inv. № 7798) xalçasıdır.
XIX əsrdə Qarabağın aparıcı istehsal məntəqələrindən biri olan Qasımuşağı obasının ərazisində yerləşən kəndlərdə xalça sənəti də güclü inkişaf etmişdir.
XVII əsrin yadigarı olan “Qasımuşağı” xalçalarının çeşnisi bir neçə əsr bundan əvvəl tikmə şəklində istifadə edilmiş, bir müddətdən sonra bu çeşni xalçalara köçürülmüşdür. Buna görə də yaşlı xalçaçılar və yerli əhali arasında hal-hazırda “Tikmə gəbə” və yaxud da “Tikmə xalça” adlandırılır.
Bədii nöqteyi-nəzərdən “Qasımuşağı” kompozisiyası ən orijinal xalça kompozisiyalarındandır. Bu xalçanın dizayni Səfəvi dövrünün xalçaçılıq ənənələrinin təsiri altında qurulmuşdur. Xalçanın bədii tərtibatının əsasını göl və ondan yuxarı-aşağı istiqamətlənən qollar, doldurucu elementlər kimi isə həndəsi, nəbati, zoomorf və damğa tipli təsvirlər təşkil edir. Gölün içərisi müxtəlif naxış və detallar toxunmuş “böyük hörümçək” adlanan naxışla bəzədilmişdir.
Gölü əhatələyən ağ rəngli yerliyi olan qolların daxilində stilizə olunmuş əjdaha təsviri verilmişdir. Bu xalçalara məxsus əjdaha təsvirlərı “Xətai” (əjdahalı) adlanan xalçalardan köçürülmüş və bu təsvirlər öz ilkin formasını zaman ötdükcə dəyişmişdir.