Xalça “Cəyirli”

Əziz dostlar,
Cümə günü rubrikamızda növbəti iki xalçanı təqdim edirik. Bunlar Şirvanın “Cəyirli” və Qarabağın “Qasımuşağı” xalçalarıdır.
Xalça “Cəyirli”. Şirvan, Azərbaycan. XIX əsrin əvvəli. Əriş, arğac, xov – yun. 122x161 sm. İnv. № 7331
Quba-Şirvan tipli Şirvan xalçaları arasında ən çox maraq kəsb edən nümunələrdən biri muzeyin 1988-ci ildə əldə etdiyi və XIX əsrə aid “Cəyirli” (inv. № 7331) xalçasıdır. Bu xalça Qobustan şəhərindən 8 km şimal-qərbdə yerləşən toxunduğu Cəyirli kəndinin adını daşıyır.
Xalçanın ara sahəsi “Ağaclı” kompozisiyası əsasında qurulmuşdur. Onun yerliyində budaqlar, yarpaq, dənələri ilə bərabər qırmızı, ağ və sarı rəngli nar təsvirləri bolluq, məhsuldarlıq rəmzi kimi çıxış edir. Şirvan xalçaları çox halda nar təsviri ilə bəzədilirdi. Qədim zamanlardan bəri Şərqdə nar bərəkət və ölümsüzlük rəmzi kimi qəbul edilib. Səhranın quraq və sərt torpağında bitə bilən nara qədim dövrlərdə təbiət möcüzəsi kimi pərəstiş olunmuşdur. O, həmçinin atəşpərəstlikdə də günəş rəmzi sayılmışdır.
Ara sahəni mürəkkəb quruluşa malik olan haşiyə qurşaqları əhatə edir. Kompozisiyanı zənginləşdirmək məqsədi ilə ana haşiyə zolağı bir-birinin ardınca çiçək tacları ilə bəzədilib. Ana haşiyə ilə ara sahə arasında təsvir edilən “qab-qabı” quruluşuna malik qoşa bala haşiyə qurşağı rəng baxımından ara sahə ilə səsləşir. Digər haşiyələr məşəl, çarx, ulduzlu, meandr və mollabaşı adlı dərin məzmun daşıyan zolaqlardan ibarətdir.