Azərbaycan Milli Xalça Muzeyində rəssam Rami Meirin fərdi sərgisi açılacaq

Martın 1-də Azərbaycan Milli Xalça Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılacaq. Bu, Bakıda doğulub böyüyən, əslən dağ yəhudisi olan rəssamın ölkəmizdə ilk fərdi sərgisidir.

Sərgidə Rami Meirin “Dağ yəhudiləri” silsiləsində işlədiyi otuzdan artıq tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş olunacaq. Ekspozisiyada rəssamın “Qırmızı Qəsəbədən Quba xalçaçıları” rəngkarlıq əsəri əsasında “Azərxalça” ASC ilə birgə layihə çərçivəsində toxunmuş xalça da yer alacaq.

Burada həmçinin sənətkarın kolleksiyasından köhnə açıqcalar, XIX-XX əsrlərə aid dekorativ-tətbiqi sənət əsərləri, dağ yəhudilərinin tarixindən bəhs edən sənədli film nümayiş olunacaq.

Azərbaycan Milli Xalça Muzeyinin 55-ci - yubiley ilinə təsadüf edən sərgi aprelin 1-dək davam edəcək.