Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə olunmuş yeni eksponatların təqdimatı keçirilib
Martın 3-də Azərbaycan Milli Xalça Muzeyində məşhur silah ustası Emin Nadir oğlu Məmmədovun muzeyə bağışladığı soyuq silah nümunələrinin təqdimatı keçirilib.
Muzeyin direktoru Şirin Məlikova çıxış edərək Kanada vətəndaşı olan və bu ölkədə fəaliyyət göstərən Emin Məmmədovun Azərbaycanın qədim silahsazlıq sənəti ənənənələrini yaşatdığını, bu sahədə geniş tədqiqat və təbliğat işləri apardığını vurğulayıb. Onun 2021-ci ildə UNESCO tərəfindən Parisdə təşkil olunan “Culture for Peace” (Sülh naminə mədəniyyət) müsabiqəsində I yeri tutduğunu diqqətə çatdırıb. Şirin xanım sənətkarın Azərbaycan Milli Xalça Muzeyinə bağışladığı ümumilikdə 11 ədəd unikal sənət əsəri sırasında XVIII əsrin sonuna aid iki qalxan, XIX əsrə aid xəncər, həmçinin Emin Məmmədovun müəllifi olduğu qılınc və xəncərlərin olduğunu bildirib: “Qacarlar dövrünə aid olan, böyük ustalıq qabiliyyəti və yüksək zövqlə polad və tuncdan hazırlanmış qalxanlar sənət nümunələri kimi çox dəyərlidir. Azərbaycan mədəniyyətinə aid bu cür bədii və orijinal əsərlər hazırda dünyanın məşhur muzeylərində qorunub saxlanılır”.
Mədəniyyət naziri Anar Kərimov Emin Məmmədovun vətənindən kənarda yaşamasına baxmayaraq, unudulmaqda olan milli irsimizi qorumasını, inkişaf etdirməsini, yaşatmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Nazir Azərbaycanın mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinin xaricdə saxlanılan milli sərvətlərimizin ölkəyə qaytarılması olduğunu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu məsələyə daim diqqət göstərildiyini vurğulayıb. Bu yöndə görülən işlərdən bəhs edən Anar Kərimov ötən il 3 milli xalçanın auksiondan alınaraq ölkəmizə gətirildiyini, onlardan ikisinin məhz Milli Xalça Muzeyinə təqdim edildiyini bildirib.
AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov Azərbaycan silahsazlıq sənətinin tarixi və əhəmiyyəti haqqında danışıb.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.