Azərbaycan Milli Xalça Muzeyində Novruz şənliyi keçirilib
Martın 19-da Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün təbiətin oyanışını müjdələyən, bolluq, bərəkət, birlik və bərabərlik rəmzi olan Novruz bayramı münasibətilə şənlik keçirilib. Bayram tədbirində muzeyin Uşaq Birliyinin və Musiqili teatr dərnəyinin üzvlərinin ifasında “Tıq-tıq xanımın sərgüzəştləri” səhnəciyi, “Arşın mal alan” tamaşası göstərilib. Vətən müharibəsi qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin şagirdləri “Bir bahar günü” adlı tamaşa və konsert proqramı ilə çıxış ediblər. Müasir Rəqs Akademiyasının tələbələri bir-birindən maraqlı rəqslər ifa ediblər.
Novruz şənliyində muzeyin Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” və “Art kukla” tədris proqramlarının yekun təqdimatı olub. Həmçinin muzeyin Uşaq şöbəsinin dərnək üzvləri tərəfindən kiçik xanada qobelen texnikasında toxunmuş Qarabağın “Bağçadagüllər” xalçasının təqdimatı keçirilib.
Gün ərzində balaca dostlar üçün bir-birindən maraqlı ustad dərsləri, Novruz şənliyinin sonunda isə diskoteka təşkil edilib.