“Böyük Ermənistan” xülyasını reallaşdırma planının tərkib hissəsi

XIX əsrin əvvəllərində Cənubi Qafqazı işğal edən rus imperiyası bu ərazilərdə möhkəmlənmək, yerli müsəlman-türk əhalinin Cənubi Qafqaz uğrunda mübarizələrdə əsas rəqiblər olan Osmanlı və Qacar dövlətləri ilə yaxınlaşmasının qarşısını almaq məqsədi Qarabağ, İrəvan və Naxçıvana ermənilərin kütləvi köçünü həyata keçirmişdir. Erməni xislətinə dərindən bələd olan imperiya ərazimizdə onlara hər cür şərait yaradaraq, əsrlər boyu başımızı ağrıdacaq “mina” qoymuş oldu. Digər tərəfdən Qafqazdan yerli müsəlman-türk əhalinin sıxışdırılması uzun illər əsas məqsədlərdən biri olmuşdur. Bu səbəbdən gəlmə ermənilərin yerli əhaliyə qarşı təcavüzkar davranışına 200 il boyunca göz yumulmuşdur. Hər halda görünən odur ki, imperiyada siyası gərginlik (inqilab, dövlətin dağılması və s.) halları baş qaldıran kimi təpədən dırnağadək silahlanmış erməni terrorçu dəstələri ilə hərb işindən hər vəchlə uzaq tutulmuş əli yalın Azərbaycan əhalisinə qarşı kütləvi qırğınlar törədilmişdir. İmperiya himayəsindən istifadə edən erməni cəlladları insan ağlına gəlməyən vəhşiliklər, soyqırımlar törədərək onların beyninə yeridilmiş “Böyük Ermənistan” ideyası uğrunda “savaşmış”, on minlərlə dinc azərbaycanlını kütləvi qətliyamlara məruz qoymuşdur. Bu ideyayla silahlanmış terrorçular ancaq mülki əhali üzərində “qəhrəmanlıq” göstərə bilmişlər. 1918-ci ilin mart-aprel aylarında keçmiş Rusiya imperiyasının çökməsi, 1-ci Dünya müharibəsindən sonra dünyadakı hərc-mərclik və nəhayət, Oktyabr inqilabının yaratdığı xaosdan istifadə edərək, bu dəfə bolşeviklərin bayrağı ilə maskalanaraq, Azərbaycanda daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqlar törədilmişdir. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, həmçinin demək olar ki, Azərbaycanın bütün bölgələrində on minlərlə dinc sakin qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Qırğınların birbaşa rəhbəri S. Şaumiyan isə bunlara sinfi mübarizə donu geyindirmiş və “mübarizədə” qələbə qazandıqlarını iddia etmişdir. O, şübhəsiz ki, bu ağlasığmaz vəhşilkiləri rus-bolşevik dəstələrinin dəstəyi ilə həyata keçirə bilmişdir. Buna əsas səbəblərdən biri də RSFSR-ə neft lazım olması və bunun uğrunda mübarizə aparmasını əlində bayraq etməsi olmuşdur.
Bir neçə ay davam edən özbaşınalığa Azərbaycan Xalq Cümhuriyyətinə Osmanlı Türkiyəsinin hərbi yardımı sayəsində son qoyulmuş, Azərbaycan erməni-daşnak və rus-bolşevik elementlərindən azad edilmişdir. Yalnız “Böyük Ermənistan” xülyası bu milləti hələ də rahat buraxmır və əllərinə düşən ilk imkanda – 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində sovet imperiyasının çökməsindən yaranan xaosdan istifadə edərək yenə öz qanlı, sağlam psixikaya sığmayan əməllərinə başlamış, dinc azərbaycanlı əhaliyə divan tutmuş, talan və zorakılıqlar törətmiş, amma bu dəfə də layiqli cavabların almışlar. Beləliklə, tarix göstərir ki, əsrlər keçsə də, bədnam qonşularımız xülyalarla yaşayan, azərbaycanlılara düşmən gözü ilə baxan nəsillər və qatı cəlladlar yetişdirməkdə davam edirlər.

Rüstəm Əfəndiyev
Azərbaycan Milli Xalça Muzeyinin aparıcı elmi işçisi