Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun yaradıcılığı haqqında söhbətimiz davam edir.
Əziz dostlar,
Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun yaradıcılığı haqqında söhbətimiz davam edir. Bu həftə ərzində istedadlı rəssamın yaratdığı xalça nümunələrini diqqətinizə təqdim edəcəyik.
Muzeyimizdə qorunub saxlanılan “Ov səhnəsi” xalçası məna və məzmun yükünə, koloriti və bədii təsir qüvvəsinə görə yüksək sənət əsəridir. Burada Təbriz miniatür məktəbinin görkəmli nümayəndəsi Sultan Məhəmmədin Ə. Caminin “Qızıl zəncir” əlyazmasına çəkdiyi “Şah ovu” (1549) diptixindən təsvirlər verilmişdir. Müəllif miniatürün sol tərəfində təsvir olunan ov səhnəsini xalçanın ara sahəsində ilmələr vasitəsilə əks etdirmişdir. Ara sahəni əhatə edən haşiyələr isə rəssamın öz yaradıcılıq təxəyyülünün bəhrəsidir.
Etiketaj:
Xalça “Ov səhnəsi”. Müəllif: Məmmədhüseyn Hüseynov. 1995. Əriş, arğac – pambıq, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası