Mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Gənc nəsli milli mədəni irsmizin qorunması istiqamətində maarifləndirmək, onların diqqətini muzeylərin, tarixi abidələrin mühafizəsinə cəlb etmək məqsədilə təşkil olunan tədbirdə ilk olaraq “Danışan abidələr” foto-sərgisi açılıb. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri Altun Mikayıllı, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədov, sənətşünas Elçin Şamilli, memar, sənətşünas Elçin Əliyev çıxış edərək tarixi abidələrin qorunmasının əhəmiyyətindən danışıblar.

Sərgidə Qarabağın ermənilər tərəfindən işğalı dövründə dağıdılmış muzey və tarixi-mədəni abidələrimizin fotoları nümayiş etdirilib. Fotolardakı abidələr haqqında qonaqlara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri məlumat veriblər.​

​ Bununla yanaşı, Əməkdar rəssam Yelelena Haqverdiyeva ilə tekstil vitrajların hazırlanması, Əməkdar rəssam Taryer Bəşirovla çətən üzrə ustad dərsləri keçirilib.

Muzeyin balaca dostları üçün isə ekspozisiyada maraqlı və əyləncəli kvest oyunu təşkil olunub. Onlara Şuşa ili münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası göstərilib. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən “Uşaq Birliyi”nin üzvləri tərəfindən ərsəyə gətirilib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il ICOM tərəfindən “Muzeylərin gücü” devizi elan edilib.​