Azərbaycan Milli Xalça Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival keçirildi
Azərbaycan Milli Xalça Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların ürəkləri ilə çiçəklənən Şuşa” adlı festival keçirildi. “Şuşa İli”nə həsr olunmuş festival Azərbaycan Milli Xalça Muzeyi və Vətən Müharibəsi qəhrəmanı Zaur Nudirəliyev adına 47 №-li tam orta məktəbin birgə əməkdaşlığı ilə baş tutdu.
Festivalda ayrı-ayrı musiqi və rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim edildi. Burada 47 №-li tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” və Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Arşın mal alan” tamaşaları, həmçinin “Uçan xalça” marionet teatr tamaşası nümayiş olundu.
Tədbirdə muzeyin Şuşa filialının məktəblilər arasında keçirdiyi “Şuşa qəhrəmanları” mövzusunda rəsm və inşa müsabiqəsi iştirakçılarının əl işləri sərgiləndi, onların yazdıqları inşalar oxundu. Eyni zamanda, burada Bakı Modern Təhsil Kompleksinin şagirdlərinin əl işlərindən ibarət “Qarabağın təsviri - art obyekt” adlı sərgi keçirildi. Rəngarəng, zəngin proqramı olan festivalda uşaqlar üçün müxtəlif ustad dərsləri təqdim edildi.