21-23 iyun tarixlərində Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində MDB-də Xalq yaradıcılığı və mədəni irs ilinə həsr olunmuş Gənc İntelektualların Beynəlxalq Forumu keçirilib
21-23 iyun tarixlərində Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində MDB-də Xalq yaradıcılığı və mədəni irs ilinə həsr olunmuş Gənc İntelektualların Beynəlxalq Forumu keçirilib.
“Qraviti Media” ictimai fondunun təşkilatçılığı, MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə keçirilən forumda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Belarusdan olan gənc muzey mütəxəssisləri, sənətkarları, bu sahə üzrə təhsil alan tələbə və müəllimlər iştirak ediblər.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin əməkdaşlarından Aynur Məmmədova “Ənənəvi tikmə texnikalarının dirçəldilməsi sahəsində Azərbaycan Milli Xalça Muzeyinin layihələri” adlı məruzə ilə çıxış edib. Rəna Abdullayeva isə güləbətin, təkəlduz, doldurma ənənəvi tikmələri üzrə ustad dərsi keçib. Forum iştirakçılarına muzeyin nəşrləri də təqdim olunub.
Forumda ölkəmizi Xalça Muzeyi ilə yanaşı, “İçərişəhər” Muzey Mərkəzindən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən, “DAN” İctimai Birliyindən nümayəndələr təmsil ediblər.