Amerikalı xalça pərəstişkarının kolleksiyasından

2013-cü ildə məşhur kolleksiyaçı , ABŞ-ın Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü Qrover Şiltsin (1932-2012) həyat yoldaşı Beverli Şilts mərhumun kolleksiyasından iki qiymətli və kifayət qədər nadir xalçanı Azərbaycan Xalça Muzeyinə bağışlayır.

Xanım Şiltsin sözlərinə görə kolleksiyasına 200-dən artıq Qafqaz xalçasının daxil olduğu Qrover Şilts bu iki nümunəni 1960-cı ildə Azərbaycandan alıb. Bunlardan biri “Salyan xiləsi” (Şirvan, XIX əsr), digəri isə – XVII əsrin sonuna aid “Əjdahalı” xalçasıdır. “Salyan xiləsi” xalçaları aid olduqları qrupun yetərincə nadir nümunələridir. Onlar Səlyan xalçalarının ümumi xüsusiyyətlərini – isti kolorit və əsas elementlərini özündə birləşdirir. Qeyd edək ki, xaricdə “Salyan” xalçalarını səhvən Qazax qrupunun “Ağstafa” xalçalarına aid edirlər. Bununla belə, “Salyan xiləsi” xalçaları Qubanın “Qədim minarə” xalçalarına olduqca yaxındır.

“Əjdahalı” xalçaları Azərbaycan xalçaçılığının ən maraqlı qoludur. Bu xalçalar Səfəvi dövrünün saray xalçalarında geniş istifadə olunan “Xətayi” kompozisiyasının məntiqi inkişaf mərhələsidir. “Xətayi” xalçalarının ara sahəsində Azərbaycan incəsənətinə monqol və uyğurlardan gəlmiş əjdahalar təsvir olunurdu. Əjdaha təsvirlərinin əyri xətləri “qoruduqları” palmetta və onların arasındakı xırda nəbati ornamentlə birləşir.

Zamanla bu kompozisiyalar sadələşir, buna səbəb onların saray rəssam və xalçaçıları tərəfindən şah və əyanlar üçün deyil, adi toxucular tərəfindən orta təbəqə üçün hazırlanması idi. Nəticədə həndəsiləşmiş “əjdahalı” kompozisiyalarından “Bəhmənli” (Qarabağ), “Borçalı” (Qazax), “Qımıl” (Quba), “Qəbələ” (Şirvan) və s. kimi yeni kompozisiyalar yaranır. Onların bəzilərində ön plana stilizə olunmuş əjdaha, digərlərində isə – böyümüş və “göllərə” (medalyonlara) çevrilmiş palmettalar çıxır.