Dağıstandan hədiyyə - kaytaq tikməsi

Azərbaycan Xalça Muzeyinə hədiyyə olunmuş əşyalar arasında Dağıstanın tikmə və xalq kostyumu üzrə bərpaçı-eksperti Raisa İsmayılovanın kaytaq tikməsi texnikasında işlədiyi panno xüsusi yer tutur. Dağıstanın dəyərli irsi – kaytaq tikməsi qoruyucu əhəmiyyət kəsb edərək unudulmaqda olan işarə və simvolları özündə birləşdirir. Bu tikmə növü xarici kolleksiyaçılar tərəfindən çox qiymətləndirilir.

Həmin eksponat R. İsmayılovanın kolleksiyasındandır, 2015-ci ilə aid müasir nümunə olub keçən ilin sentyabr ayında muzeydə keçirilmiş kaytaq və usişin tikmələrinin sərgisindən qalan bir növ xatirə suveniridir. Bu növ tikmələrin müasir ustalar arasında təbliği ilə məşğul olan kolleksiyaçı (R. İsmayılova) Azərbaycan Xalça Muzeyində şəhərimizin tətbiqi-sənət ustaları və bütün arzulayanlar üçün mühazirə və ustad dərsləri keçirmişdir.