Nazirliyin hədiyyəsi
2014-cü ildə Azərbaycan Xalça Muzeyi Dənizkənarı Bulvarda inşa olunmuş yeni binaya köçürülmüş və ekspozisiya üçün ayrılmış sahə dəfələrlə genişlənmişdi. Bu hadisə yüksək səviyyədə qeyd edilmişdir. Məxsusi olaraq bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi muzeyə XX əsrin əvvəllərinə aid Şirvanın “Qabıstan” xalçasını hədiyyə etmişdir.
“Qabıstan” xalçaları kolleksiyaçı və sənətşünaslar arasında yaxşı tanınır. Şirvan xalça ustalarının uzun əsrlər boyu həm özləri ,həm də satış üçün hazırladıqları bu xalçalar dünya istehlak bazarında yüksək qiymətləndirilib, bu gün isə onlar muzey və şəxsi kolleksiyaların dəyərli eksponatlarına çevriliblər. “Qabıstan” (“Qobustan” adı ilə qarışdırmaq olmaz, bunlar ayrı-ayrı toponimlərdir) adı bu xalçaların vizit kartıdır. Bu sözün mənası haqqında irəli sürülən versiyaların müxtəlifliyi səbəbindən, onun mənşəyi haqqında sənətşünaslar hələ də mübahisə edirlər.
“Qabıstan” xalçalarının variantları çoxdur. Nazirliyin muzeyə bağışladığı nümunə rombşəkilli özəkləri (“gözləri”) olan şəbəkə ilə səciyyələnir. “Bəndi-rumi” adlanan və yalnız xalçalarda deyil, eyni zamanda memarlıqda rast gəldiyimiz bu kompozisiyanın 10 əsr yaşı var! Rombların üzəri (səthi) həndəsiləşdirilmiş nəbati elementlərlə doldurulub. Həmin elementlər adətən üfüqi və ya diaqonal üzrə rəng və formasına görə növbələşir, lakin bəzən heç təkrarlanmayanlara da rast gəlmək mümkündür. Bəzi “Qabıstan” xalçalarını mehrab təsviri bəzəyir.