Əsirlikdə olmuş xalça
Azərbaycan Xalça Muzeyinin xovlu xalçalar kolleksiyasında Qarabağ qrupunun qeyri-adi tarixə malik “Baxçadagüllər” xalçası saxlanılır.
2017-ci ilin fevral ayında əslən Azərbaycandan olan ABŞ vətəndaşı Elşad Tahirov incəsənət əşyalarının virtual ticarətini həyata keçirən saytda onun diqqətini cəlb edən xalçaya rast gəlir. Qeyd edək ki, Los-Anjelesdə yaşayan E. Tahirov Azərbaycan xalçalarımızı və görkəmli alimi, xalçaçı-rəssam, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun yaradıcılığı haqqında kitabları toplamağı sevir, tez-tez internetdə maraqlı sənət əsərləri və məlumatlar axtarır. Bu dəfə kolleksiyaçının diqqətini cəlb etmiş xalçanı təsvir edən yazıda qeyd edilirdi: “Qədim Ermənistan. Qarabağ xalçası”. Lakin, xalçada Azərbaycan dilində kiril əlifbası ilə toxunmuş “1 yanvar 1979 il Sərvərin doğum gününə anasından hədiyyə” yazısı bu əşyanın Azərbaycana aid olduğunu dəqiq sübut edir və belə bir nəticəyə gəlinir ki, xalça erməni işğalçıları tərəfindən ölkəmizdən çıxarılmışdır. Və budur, əsrin dörddə biri keçdikdən sonra, Elşad Tahirov bu xalçanı hərracda alır və 2017-ci ilin mayında Bakıya − Azərbaycan Xalça Muzeyinə göndərir. E. Tahirov əşya sahibini tapmağa çalışsa da, buna nail ola bilməyib xalçanı muzeyə hədiyyə edir. Qeyd edək ki, bu uzun illərdən sonra erməni işğalından qayıtmış ilk xalçadır.