Azərbaycan Xalça Muzeyinə qiymətli "Xətai" xalçası hədiyyə olunmuşdur
Heydər Əliyev Fondu Azərbaycan Xalça Muzeyinə xaricdən xüsusi olaraq muzey üçün əldə etdiyi XVII əsrə aid Qarabağın nadir "Xətai" xalçasını hədiyyə etmişdir. Bu xalça uzun illər boyu Avstriya və İtaliyada şəxsi kolleksiyalarda qorunub saxlanılırdı.
"Xətai" kompozisiyası dünyada "Əjdahalı" kimi tanınan xalça tipinə aiddir. Orta əsrlərdə bu cür xalçalar yalnız Azərbaycanda – Qarabağ və Şirvanda toxunurdu. Böyük İpək Yolu ilə onlar xarici ölkələrə göndərilirdi. Hal-hazırda bu tip xalçalar dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
"Əjdahalı" xalçaları Azərbaycan xalçaçılığının ən maraqlı qollarından biridir. Onlar Səfəvi dövrü saray xalçalarında geniş istifadə olunan "Xətai" kompozisiyası inkişafının məntiqi davamı oldu. Xalçaların ara sahəsində əjdaha, Simurq quşu kimi fantastik varlıqlar, palmetta və digər nəbati motivlər təsvir olunub. Adətən stilizə olunmuş və qoruyucu rol oynayan əjdaha həyat rəmzi olan gülü ifadə edən palmettanın kənarlarında təsvir olunur. Xalçalarda əjdaha adətən müdafiə və qoruyuculuğu simvolizə edir. Bu xalçalar evə xoşbəxtlik və firavanlıq gətirməli idi. Bizim xalçanın fərqləndirici xüsusiyyəti isə əjdahanın "həyat ağacı"nın təsviri ilə əvəz olunmasıdır. Nəzərdən keçirdiyimiz xalça Qarabağın peşəkar emalatxanalarında toxunmuş "Əjdahalı" xalçalarından biridir.
Bir qayda olaraq, "Xətai" növünə aid "Əjdahalı" xalçaları əzəldən saray ruhuna malik olduqlarına görə iri ölçüləri də olurdu. Sözügedən nümunə də 464 x 228 sm olub, böyük ölçüləri ilə seçilir. Xalçanın qırmızı fonda bərq vuran qara, göy, bənövşəyi, mavi, yaşıl, sarı və ağ rənglərdən ibarət koloriti də həmin parlaq dövrə uyğundur.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın sözlərinə əsasən, XVII əsrə aid əksər xalçalar kimi "Əjdahalı" xalçaları da özlüyündə çox nadir bir nümunələrdir. Həm dünyada, həm də ölkəmizdə bu cür xalçalara az rast gəlinir. Həmin xalçaların "Xətai" kompozisiyalı növü isə Azərbaycanda ümumiyyətlə yoxdur. Buna görə də, Heydər Əliyev fondunun hədiyyəsi yalnız muzeyimizin kolleksiyası üçün deyil, eyni zamanda ölkə mədəniyyəti üçün böyük əhəmiyyətə malikdir.