Rusiyadakı Dövlət Şərq Xalqları Muzeyinin daimi ekspozisiyasında Azərbaycana aid yenilik
Bu gündən etibarən Moskva şəhərində fəaliyyət göstərən Dövlət Şərq Xalqları Muzeyinin əsas ekspozisiyasında Azərbaycana aid eksponatların etiketajında düzəlişlər əlavə olunmuşdur. Belə ki, xalçalar haqqında məlumatda onların istehsal olunduğu məkan kimi Azərbaycan göstərilir.
Bu təşəbbüs “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın 7.1.6 (Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının Azərbaycana mənsubluğunun göstərilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi) bəndinin icrası istiqamətində Azərbaycan Xalça Muzeyinin keçirtdiyi növbəti uğurlu addımdır.
Qeyd edək ki, Dövlət Şərq Xalqları Muzeyində xalqımıza aid eksponatların istehsal yeri kimi Azərbaycan göstərilmirdi. Üç il ərzində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bu haqsızlığın aradan qaldırılması üçün Şərq Xalqları Muzeyinin rəhbərliyinə dəfələrlə müraciət etmişdir. Konstruktiv danışıqlar nəticəsində muzeylər arasında sıx dostluq əlaqələri quruldu.
İlk olaraq bu ilin aprel-may aylarında böyük uğurla “Məkanın harmoniyası. Azərbaycan ənənəvi incəsənəti” adlı birgə sərgi keçirildi. Burada hər iki muzeyin kolleksiyalarından Azərbaycan inciləri, o cümlədən Dövlət Şərq Xalqları Muzeyinin ilk eksponatı olan Azərbaycan xalçası da təqdim olundu. Bu XIX əsrə aid ölkəmizin dilbər guşəsi Qarabağda toxunan “Bəhmənli” xalçası idi.
Sərgi çərçivəsində Dövlət Şərq Xalqları Muzeyində təşkil olunan Şirin Məlikovanın “Ənənəvi Azərbaycan interyerində tekstilin rolu” adlı mühazirəsi Moskva ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı.
Eyni zamanda Azərbaycan Xalça Muzeyi tərəfindən Rusiya Dövlət Şərq Xalqları Muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid otuza yaxın eksponatın, o cümlədən, xalça və xalça məmulatı, mis qab və bədii tikmə nümunələrinin elmi atribusiyası aparılmışdır. Yenilənmiş informasiya bu muzeyin məlumat bazasına artıq əlavə olunub. Bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, bu muzey Rusiyanın böyük, məşhur və ən çox ziyarət olunan sənət ocağlarından biridir. Burada Azərbaycan sənətkarları tərəfindən yaradılan mükəmməl dekorativ-tətbiqi sənət nümunələri saxlanılır və daimi ekspozisiyada uğurla sərgilənir.