Azərbaycan xalça muzeyində “Həyat gözəldir” adlı musigili-ədəbi gəcə keçirildi.
Azərbaycan Xalça Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyi və“Söz” layihəsi ilə birgə, “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin iştirakı ilə “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil olunmuşdur.
Tədbirin əsas qəhrəmanları fiziki məhdudiyyətli insanlardır. Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Xalça Muzeyində keçirilən “Tarixə və ənənəyə toxunuş” sərgisi “Həyat gözəldir” musiqi-ədəbi gecəsinin keçirilməsinə zəmin yaratmışdır. Daha sonra muzey ekspozisiyasında daimi təqdim edilən həmin sərginin eksponatları ilə taktil üsul ilə, həmçinin audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar ilə tanış olmaq mümkün olmuşdur. Bundan başqa, Azərbaycan Xalça Muzeyinin Ənənəvi texnologiyalar şöbəsinin əməkdaşları tərəfindən görmə qabiliyyəti zəif olan bir neçə insana toxuculuq və xalça eskizlərinin yaradılması üzrə ustad dərsləri təşkil olunmuşdur. Azərbaycan Xalça Muzeyinin bu layihəsi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.
“Həyat gözəldir” adlı musiqili-ədəbi gecə Azərbaycan Xalça Muzeyinin foyesində fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət sərginin açılışı ilə başladı. Gecənin açılışında Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova və “Söz” layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nigar Həsənzadə çıxış etdilər. Tədbirin aparıcısı Azərbaycan Əlil Velosipedçilər İctimai Birliyinin yaradıcısı, jurnalist Amid Həsənquliyev idi. Reyhan Cəfərova və Qədir Qurbanov yeni layihələrin təqdimatı ilə çıxış etdilər. Onlar görmə qabiliyyəti məhdud insanlar üçün elektron portalın yaradılması və bələdçi itlərin artırılması haqqında söz açdılar. Elman Süleymanov özünün “III Dünya müharibəsi” romanını təqdim etdi.
Gecənin proqramı vokal, instrumental və ədəbi nömrələrdən ibarət idi.
Fortepianonun müşaiyəti altında (İlqar Əhmədov) Aysel Əlizadənin ifasında “Arşın mal alan” operettasından “Gülçöhrənin naləsi”, Nigar İsgəndərovanın ifasında Eldar Mansurovun “Gecələr keçir”?Fikrət Əmirovun “Mən səni araram” mahnısı, Aygün Cabbarlının və Zəkəriyyə Qurbanovun müəllif şeirləri səsləndi. Tarın müşaiyəti ilə Nurlan Həsənov və Əli Ələkbərov şeirləri, həmçinin Natiq Şixaliyevin ifasında Nəsiminin məşhur “Ayrılıq” qəzəli səsləndi.
Gecə duetlər və triolar ilə müşaiyət olunurdu. Hidayət Bayramov (tar), Ağaməlik Niftəlizadə (kamança) və Abbas İmanlı (nağara) “Yaqutu”, Məhəmməd Abışov (qarmon) və Abbas İmanlı (nağara) - “Jalə” rəqsini təqdim etdilər. Nurlan Əhmədov (qarmon) və Arzu Teymurovanın (fortepiano) ifasında Vasif Adığözəlovun “Bakı haqqında mahnı”sı səsləndi.
Həmçinin gecənin qonaqlarına kamançanın müşaiyəti ilə (Ağaməlik Niftəlizadə) İsmayıl Əhmədovun şeiri, Murad Sadıxın “Hiss et” şeiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri Suma Tapdığovanın ifasında muğam və şair-müğənni Mansur Rəhimovun ifasında “Azan” səsləndi.