1 iyun 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçiriləcək.

1 iyun 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçiriləcək. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və 4KIDS ailə portalının təşkilatçılığı, Çernoqoriya, Türkiyə, İndoneziya, Ukrayna, Mərakeş, Hindistan, Çin səfirliklərinin dəstəyi, həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi və Avropa Azərbaycan Məktəbinin iştirakı ilə keçirilir.
Festival proqramı Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları tərəfindən təşkil ediləcək uşaq konserti və xeyriyyə yarmarkasından ibarət olacaq. Tədbirdə adı keçən ölkələri təmsil edən diplomatların övladları mədəniyyət və ənənələrinin zənginliyi və müxtəlifliyini əks etdirən milli mahnı və rəqslərini nümayiş edəcəklər. Səfirlik əməkdaşları isə balaca Aygün Babaşovanın əməliyyatı (anadangəlmə ürək qüsuru) üçün pul toplamaq məqsədi ilə xeyriyyə satış sərgisi yarmarkası təşkil edəcəklər.
Azərbaycan Xalça Muzeyinin əməkdaşları kukla teatrının "Məlikməmmədin nağılı" tamaşasını təqdim edəcəklər və mini-xalça, "Tilda" kuklası və çorablardan kuklalar hazırlamaq üzrə üç master-klass təşkil edəcəklər. 4KIDS portalının əməkdaşları "Cola + Qüllə" master-klassını təqdim edəcəklər. Festivalda müxtəlif təşkilatlar tərəfindən tvisting, slaym, tətbiqi sənət üzrə master-klasslar təqdim olunacaq. Azərbaycan Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində gənc istedadların konserti keçiriləcəkdir.
Bununla yanaşı, festivalın gənc iştirakçılarını masaüstü oyunlar, "Fibonaççi" intellektual oyunu, robot texnikası üzrə məşğələ, karyera məsləhətləri, psixologiya, ritorika, foto sənəti, numizmatika və əqli hesab üzrə dərslər gözləyir. Həmçinin açıq havada tennis, gimnastika və digər idman növləri (ipatdı oyunu, halqa, batut üzərində tullanma və s.) müsabiqələr keçiriləcək. Ən balacaları Halk və Ledi Baq kostyumlarında animatorlar əyləndirəcəklər.
Giriş sərbəstdir.