Azərbaycan Xalça Muzeyi üçüncü dəfə TripAdvisor saytının “Mükəmməllik sertifikatına” layiq görülüb

Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan TripAdvisor-un “Mükəmməllik sertifikatı 2019” mükafatına layiq görülüb.
2010-cu ildə təsis olunmuş “Mükəmməllik sertifikatı” ilə misilsiz xidmət göstərən görməli yerlər, otel və restoranlar təltif olunur. Bu sertifikatı əldə etmək üçün ərizə ilə müraciət etmək mümkün deyil – o, yalnız milyonlarla insanın saytda bildirdikləri müsbət rəylər əsasında təqdim edilərək “xalqın səsini” ifadə edir. Beləliklə, həmin mükafata ötən il ərzində TripAdvisor saytında səyyahlardan gözəl rəylər almış turizm obyektləri layiq görülür. Azərbaycan Xalça Muzeyinin ziyarətçilərini əsasən turistlər təşkil edir və onların muzey haqqında təəssuratları olduqca müsbətdir. Məhz turistlərin TripAdvisor saytında paylaşdıqları rəylər mükafatın alınmasına təsir edir.
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyi ötən 2018 və inişilki 2017-ci illərdə bu sertifikata layiq görülmüşdür . Beləliklə, muzeyin TripAdvisor saytının “Şöhrət zalı” adlanan seçilmiş siyahısına daxil olmasına şans yaranır. Həmin fəxri siyahıya beş il ərzində saytın “mükəmməllik sertifikatına” layiq görülmüş müəssisələr daxildir.