1 iyun 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş festival keçirildi.
1 iyun 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş festival keçirildi. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və 4KİDS ailə portalının təşkilatçılığı, Türkiyə, Ukrayna, Çernoqoriya, Çin, Mərakeş, Hindistan, İndoneziya səfirlikləri, “ZADAGAN” Azərbaycan tekstil brendinin,“Söz” ədəbi layihəsi və Bakı Avropa Məktəbinin dəstəyi ilə baş tutmuşdur.Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova festival iştirakçılarını və qonaqları salamladıqdan sonra tədbirin dolğun proqramına start verildi. Böyük konsertdə bir neçə uşaq kollektivi iştirak edirdi. Onlar arasında Bakı Türk Anadolu Liseyinin xalq rəqsləri ansamblı, Azərbaycan Beynəlxalq Məktəbi (TİSA) və Azərbaycan Avropa Məktəbinin şagirdləri vardır.
Həmçinin, qonaqlar qarşısında müxtəlif ölkə diplomatlarının övladları da çıxış etdilər. Onlar öz ölkə mədəniyyətinin zənginliyi və unikallığından bəhs edən mahnı və rəqsləri təqdim etdilər. Qonaqlar İndoneziya uşaqlarının, Türkiyə səfirliyinin dəvət etdiyi “Dostluq” rəqs qrupu və Bakı Türk Anadolu Liseyinin Xalq Oyunları Qrupu, Hindistan səfirliyinin “Taranq” rəqs ansamblının ifasını seyr etdilər. Ukrayna səfirliyindən Maksim Selski və Viktoriya Kolesnik şeir söylədilər.
Səfirliklərin əməkdaşları isə birgə səyləri nəticəsində xeyriyyə yarmarkası təşkil etdilər. Buradan yığılan məbləğ anadangəlmə ürək qüsurundan əziyyət çəkən Aygün Babaşovanın əməliyyatına xərclənəcək.
Təşkilatçılar körpə və daha böyük yaşlı uşaqları da nəzərə almışdılar. Belə ki, onlar üçün bir çox təhsil proqramları və əyləncələr təşkil olunmuşdur.Eyni zamanda burada festivalın sponsoru olan TAC şirkətinin Aquavita brendinin qazlı su və limonadları paylanırdı.
Azərbaycan Xalça Muzeyinin əməkdaşları “Cırtdanın nağılı” tamaşasını və üç ustad dərsi - mini xalçaların, Tilda kuklası və corabdan gəlinciyin hazırlanmasını, http://www.xn--4kids-9fd.az/ portalının əməkdaşları “Cola + Qala” ustad dərsini təqdim etdilər. Festivalda müxtəlif təşkilatlar tərəfindən tvistinq, slaym, tətbiqi sənət üzrə digər ustad dərsləri keçirildi.
Tədbirdə Pantomima Teatrının aktyorları da çıxış etdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Söz” ədəbi layihəsi çərçivəsində gənc istedadların ifasında konsert təşkil olunmuşdur. Azərbaycanın rəqs üzrə çempionu Yeqor Anisimov uşaqlarla rəqs fleşmobu keçirdi.
Bundan əlavə festivalın gənc iştirakçılarını stolüstü oyunlar,”Finaboççi” intellektual oyunu, robot texnikası üzrə məşğələ, karyera məsləhətləri, psixologiya, orator sənəti, fotosənət, numizmatika və mental arifmetika üzrə ustad dərslər gözləyirdi. O cümlədən tennis, gimnastika və açıq havada digər idman oyunları təqdim olundu. Körpələri isə Ledi Baq kostyumlu animator və Professor Nikolya şousu əyləndirirdi.
Tədbirin yekununda konsert iştirakçılarına və təşkilatçılar arasında olan böyüklərə sertifikatlar təqdim olundu.