Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyi ilə tanış oldu.
Muzeylə tanışlıq zamanı Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizdə qədim xalçaçılıq ənənənələri haqqında ətraflı məlumat verdilər. Xovlu və xovsuz xalçalar, xalça məmulatları, xüsusilə məfrəş və çul, dəvəli şəddə qonaqların böyük marağına səbəb oldu. Ekspozisiya ilə tanış olarkən qonaqlar burada canlı olaraq toxuculuq prosesini müşahidə etmiş, toxucu ilə ünsiyyət qurmuşlar.
Muzeylə tanışlıqdan sonra cənab Li Canşu xatirə kitabında muzeylə bağlı öz təəsüratlarını qeyd etdi.
Sonda fəxri qonağa Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab və xalça hədiyyə edildi. Qeyd edək ki, təqdim olunan xalça muzeyin Ənənəvi texnologiya şöbəsində toxunub. Özündə xovlu və xovsuz texnikalarını birləşdirən xalçada dəvə karvanı əks olunub. Bu da İpək yolu mövzusunu əks etdirir.
Cənab Li Canşu öz təşəkkürünü və muzeydən çox məmnun olduğunu bildirdi. Çin nümayəndə heyətinin başçısı L.Canşu öz çıxışında milli irsin qorunması, zəngin kolleksiyaların toplanması, qədim xalça sənətinin bu gün də yaşadılması və gələcək nəsillərə çatdırılması işinin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmasını qeyd etdi. O, gələcəkdə hər iki ölkənin xalça və tikmə sənətkarlarının bir-biri ilə təcrübə mübadilələrinin aparılması, ustad dərslərinin keçirilməsini təklif etdi və mədəniyyətlərimizin təbliği sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinə əminliyini bildirdi.