“İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edib.

29-30 sentyabr tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresi keçirilir. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) tərəfindən təşkil olunub.
Konqresin “Tarixi şəhərlər sənətkarların emalatxanası kimi” (Historical cities as places for workshop of Artisans) adlı akademik sessiyada Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova məruzə ilə çıxış etdi. “Xalçaçılıq: dünən, bu gün, sabah” adlı məruzədə Ş.Məlikova ölkəmizin xalçaçılıq tarixi, onun ənənələri, inkişafı və bu sənətin tədqiqat və təbliğat mərkəzi olan Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyətindən bəhs etdi. O, öz çıxışında xalça sənətinin qorunması məqsədi ilə hələ 1967-ci ildə yaranan muzeyin kolleksiyaları, müasir binası, bu gün həyata keçirilən layihələr haqqında məlumat verdi. Muzey fondunun zənginləşdirilməsi və bərpası, beynəlxalq elmi konfransların təşkili, müxtəlif yaş kateqoriyaları üçün təhsil proqramları, ənənəvi xalçatoxuma texnikalarının yaşadılması sahəsində aparılan işlər konqres iştirakçılarının böyük marağına səbəb oldu. Ş.Məlikova həmçinin öz çıxışında muzeyin beynəlxalq fəaliyyəti haqqında məlumatı və bu mədəniyyət ocağının bir çox beynəlxalq təşkilatlar tərəfindən təltif olunmasını qeyd etdi.
Çıxışdan sonra Ş.Məlikova konqres iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.