“Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisində Azərbaycan mədəniyyəti təqdim olunur
Çin Xalq Respublikasının Haynan şəhərində “Ecazkar Asiya - Asiya sivilizasiyaları sərgisi” təşkil olunub. Sərgi sentyabrın 28-dən 2020-ci il yanvarın 5-dək Cənubi Çin Dənizinin Çin (Haynan) Muzeyində davam edəcək. Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Milli Mədəni İrs Administrasiyası və Çin Bədii Sərgilər təşkilatının keçirdiyi tədbirdə Azərbaycan stendi də təqdim edilir. Burada ölkəmizə aid xalçalar, xalça məmulatları, milli geyimlər, zərgərlik və musiqi alətləri nümayiş olunur. Həmin eksponatlar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə sərgilənir.
Çin Xalq Respublikasının 70 illiyinə həsr edilən sərginin rəsmi açılış mərasimində Haynan Turizm, Mədəniyyət, Televiziya və İdman Departamentinin, Çin Mədəni İrs Mübadilə Mərkəzinin və onun Xarici Əlaqələr İdarəsinin, Haynan Mədəni İrs İnzibatçılığının, Haynan Muzeyinin nümayəndələri və Haynan şəhərinin sakinləri iştirak ediblər.
Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisi ilk dəfə 2019-cu ilin may – avqust aylarında Pekin şəhərində Çin Milli Muzeyində keçirilib. Burada 22 Asiya ölkəsinin, o cümlədən Azərbaycanın dünya mədəniyyətinə töhfəsi sayılan eksponatlar təqdim olunub. Üç ay davam edən sərgini iki milyondan çox qonaq ziyarət edib. Sərginin ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmasını nəzərə alaraq, onu bölgələrdə də nümayiş etdiriblər.