Azərbaycan Milli Xalça Muzeyində Elmi Şuranın iclası keçirildi

Azərbaycan Milli Xalça Muzeyində Elmi Şuranın növbəti iclası keçirildi. Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Şirin Məlikovanın sədrliyi ilə keçən iclasda gündəlikdə olan bir sıra məsələlər müzakirə olundu. Öncə şura üzvləri və digər dəvətlilər Türk İslam Əsərləri Muzeyində mühafizə edilən Azərbaycan xalçalarına dair kitabla bağlı fikir mübadiləsi apardılar.
Sonra Şirin xanım Azərbaycan Milli Xalça Muzeyi və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə 14-17 noyabr tarixlərində baş tutacaq konfransla bağlı məlumat verdi. Bildirdi ki, “Muzeylər, tekstil kolleksiyası və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfrans Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi, xalçaçı-alim, xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda Azərbaycan xalça sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olmasının ildönümünə təsadüf edəcək. Şirin Məlikova konfransın proqramında 2 günlük akademik sessiyanın, birgünlük ustad-dərslərinin yer almasının planlaşdırıldığını vurğuladı.
İclasda muzeyin Zərgərlik fonduna daxil olan XVIII– XIX əsrlərə aid 2 ədəd yeni, unikal eksponat - qadın bəzək əşyaları şura üzvlərinə nümayiş etdirildi. Eksponatlardan istifadə qaydaları, onların texnikası və bədii xüsusiyyətləri müzakirə olundu. Şirin xanım yaxın günlərdə bu eksponatların təqdimatının keçiriləcəyini də bildirdi.
Sonda Elmi Şuranın üzvlərinə Azərbaycan Milli Xalça Muzeyinə həsr olunmuş kitab hədiyyə edildi. Kitabın ərsəyə gəlməsində yaxından iştirak edən şura üzvləri onun belə nəfis, zövqlə tərtibatından xüsusi məmnunluq duyduqlarını dilə gətirdilər.