Səməd bəy Mehmandarov - 164

Dünən Azərbaycan Milli Xalça Muzeyində general Səməd bəy Mehmandarovun anadan olmasının 164-cü ildönümünə həsr edilmiş mühazirə keçirildi. Həyatını Azərbaycan hərb tarixinin araşdırılmasına həsr edən tanınmış tədqiqatçı jurnalist Şəmistan Nəzirli “Azərbaycanın ilk Hərbi naziri” adlı mühazirə ilə çıxış etdi. O, generalın həyat və fəaliyyəti haqqında geniş məlumat verdi: “Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda doğulub. Bakıda gimnaziya təhsili alıb, 16 yaşında isə Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1890-cı ildə kapitan rütbəsi alıb, 1891-ci ildə isə ikinci dərəcəli "Müqəddəs Stanislav" ordeninə layiq görülüb. O, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik rütbəsi alıb. Rus-yapon müharibəsi zamanı Port-Artur şəhərini qəhrəmancasına müdafiə edən Səməd bəy Mehmandarov 1904-cü il oktyabrın 22-də general-mayor rütbəsinə və dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeninə layiq görülüb”.

Şəmistan Nəzirli general Mehmandarovun Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından hərbi nazir vəzifəsini tutduğunu və qısa zamanda müstəqil ölkənin 40 minlik ordusunu yaratdığını vurğuladı. Səməd bəy Mehmandarovun nazir kimi imzaladığı ilk əmrlərdən birinin hərbi salamlaşma haqqında olduğunu diqqətə çatdırdı: “...əsgərlərin Azərbaycan türkcəsində salamlaşması – bir sözlə, - “Salam”, cavabının isə “Əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm!”.

Tədqiqatçı general Səməd bəy Mehmandarovun 1931-ci il fevralın 12-də Bakıda vəfat etdiyini dedi: “Onu Çəmbərəkənd qəbiristanlığında dəfn etdilər. Bir hərbi xadim kimi Səməd bəyin xidmətləri əvəzsizdir. Hətta rus hərb tarixçiləri, yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, istedadından iftixarla yazıblar. Ölkəmizdə də inqilabdan əvvəlki generallardan söz düşəndə, ən az məlumata malik adamlar belə, Şıxlinskinin və Mehmandarovun adını çəkir”.

Ş.Nəzirli çıxışı zamanı Prezident İlham Əliyevin 2015-ci ildə “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını xatırlatdı. O, bunu hərb tariximizə göstərilən diqqət və qayğı kimi qiymətləndirdi.

Mühazirə iştirakçılarına generalın həyat və fəaliyyətinə dair arxiv materialları, fotoşəkillər nümayiş etdirildi.

Məlumat üçün qeyd edək ki, qədim tarixə malik Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə 19 may 1987-ci ildə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı yaradılıb. Şuşa filialı general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə fəaliyyətə başlayıb. Hazırda Şuşa filialı Azərbaycan Milli Xalça Muzeyində işini davam etdirir”.